Restoran eləcə də keçirdiyi xeyriyyə tədbirləri ilə məşhurdur…
Restoran eləcə də keçirdiyi xeyriyyə tədbirləri ilə məşhurdur.
Əgər son zamanlarda İçəri Şəhərin əsrarəngiz küçələrində gəzmisinizsə, sözsüz ki, əyalət üsulunda – ağ məhəccərli, çiçəklərlə bəzədilmiş – adamı görünüşü ilə valeh edərək bu aləmə qatılmağa səsləyən restoranı görmüsünüz. Hələ üzərindəki “Merci Baku” yazısı, ani olaraq insanda incə, dəbli, təmtəraqlı bir sözlə – fransız dəst-xətti təəssüratını oyadır.
“Merci Baku” restoranı yeni məkan sayılır, çünki açılışı ötən ilin sentyabr ayının 11-də olub, buna baxmayaraq restoran artıq bakılıların və şəhərimizin qonaqlarının rəğbətini qazanıb.
İnteryerdə bütün xırdalıqlar nəzərə alınıb. Restoranın konsepsiyası, dizaynı, tərtibatı – 25 yaşlı gənc iş xanımı Kəmalə Verdiyevanın nailiyyətidir. Xanım restoranda cənubi Fransanın bütün əsrarəngiz atmosferasını verməyə müvəffəq olub: adama elə gəlir ki, bu an əsən sərin meh səni lavanda çiçəklərinin, qəhvə və təravətli fransız bagetinin ətrinə bürüyəcək.
Qar bəyazı süfrələr, açıq rəngli stullar, pəncərə önündə çiçək, kitab və bir sürü gözoxşayan əşyalardan ibarət bədii qarışıqlıq – sözün əsl mənasında əvəzolunmaz atmosfer yaradır. İnteryerdə fil sümüyü rəngində piano xüsusi yerə malikdir: axşamlar istedadlı pianoçunun ifasında səslənən gözəl melodiyalarla müşətirlərin zövqünü oxşayır.
Və təbii ki, hər restoranda olduğu kimi burda da əsas müştərilərə təqdim edilən – yeməklərin keyfiyyəti. Fransız mətbəxi haqqında saatlarla danışmaq olar, “Merci Baku” restoranında bu mətbəxin ən seçilmiş nümunələri – soğanlı şorba elə çörək içində təqdim edilir, dəniz ərzaqlarından hazırlanmış zərif salatlar, fua-qra, desertə isə – krep, meyvəli piroqlar və şokoladlı tort təklif edilir. Fransız mətbəxinin yeməklərindən başqa restoranda milli xörəklərimizin də müxtəlif çeşidləri hazırlanır.
Restoranın menyusu – təcrübəli və məharətli baş aşpaz Taleh Rəhimovun əl işləridir. Orijinal yemək təriflərini mükəmməlləşdirərək, ənənəvi steyk və ya maral ətinin filesini daha dadlı, daha zərif və orijinal yeməklər yaradıb.
Restoranda hər yemək, hər içki – sənət əsəri, tərtibat isə o qədər zövqlüdür ki, aşpazın məharətinə məəttəl qalırsan. Restoranda, həmçinin müxtəlif zövqləri oxşayacaq içkilər, orijinal kokteyllər, müxtəlif növ qəhvələri saymaqla bitmir.
Xidmətə isə söz ola bilməz – nəzakətli, gülərüz ofisiant və menecerlər.
Səhərlər isə “Merci Baku” isveç masası üslubunda səhər yeməkləri təqdim edir, burda müxtəlif şirniyyatların, pendirlərin, kolbasa, meyvə, ənənəvi fransız krepinin və bir çox başqa təamların dadına baxmaq olar.
Restoran eləcə də keçirdiyi xeyriyyə tədbirləri ilə məşhurdur – bir neçə gün bundan öncə xəstə uşaqların müalicəsinə yardım aksiyası keçirilib.
Bir sözlə “Merci Baku” restoranı – son zamanların dəbinə uyğun desək must vizit – məkandır, burda fransız şansonyelərin musiqisi sədaları altında, fransız dəbdəbəsinin atmosferindən həzz alaraq, şərab və ləzzətli təamlardan dadaraq dincəlmək olar.
/oxu.az/