İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib…
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xocalı şəhərində baş vermiş soyqırımın 22-ci ildönümü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklərin nəticəsində həyatını itirmiş günahsız insanların xatirəsini yad edib.
Baş katib Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının Xocalı soyqırımının törədilməsinə zəmin yaratdığını qeyd edib. Həmçinin o, 2013-cü ildə Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı iclası zamanı qəbul edilmiş və Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan əhalisinə qarşı törədilmiş qətliamı insanlığa qarşı cinayət kimi tanıyan Qətnaməyə istinad edib.
İyad bin Amin Mədəni Azərbaycan Respublikasının öz ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası naminə həyata keçirdiyi təşəbbüs və səylərin İƏT tərəfindən tam şəkildə dəstəkləndiyini bir daha bəyan edib.
Həmçinin İyad bin Amin Mədəni Xocalı soyqırımı zamanı həyatını itirmiş şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
/trend/