BMT: Dəniz nəqliyyatı iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmalıdır

BMT ekspertləri hesab edirlər ki, dəniz nəqliyyatının atmosferə buraxdığı karbon qazı emissiyaları azaldılmasa, bizi fəlakət gözləyir. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, dəniz nəqliyyatı ilə daşımalara tələbatın daha da artacağını nəzərə alan ekspertlər parnik qazlarını sıfıra endirəcək “yeni inqilabın” zəruriliyindən danışırlar.

Dəniz nəqliyyatı ilə daşımalar əsrlərboyu ölkələr və qitələr arasında ən mühüm nəqliyyat yollarından biri olub. Dünya ticarətinin inkişafı etibarlı və ucuz daşıma vasitəsi olan dəniz nəqliyyatının rolunun daha da artmasını tələb edir. Onun həcminin 80 faizi dəniz nəqliyyatının payına düşür. BMT-də hesab edirlər ki, gəmilərin “karbon izini” azaltmağın, tədricən isə ləğv etməyin üsullarını tezliklə tapmaq çox əhəmiyyətlidir.

Dünya Bankının məlumatına görə, təkcə bir yük gəmisi atmosferə 50 milyon avtomobil qədər kükürd buraxır. Emissiyaların qlobal həcminin 2,2 faizi dəniz sənayesinin payına düşür ki, bu da ildə 800 milyon tona bərabərdir. İqlim dəyişmələrinin nəticələrinin yumşaldılmasına gəlincə, dəniz nəqliyyatı başqalarından geri qalır.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) başçısının müavini İzabel Düran deyir ki, dəniz sənayesində istifadə olunan maye bunker yanacağının karbon izi xüsusilə qorxuludur. Proqnozlara görə, yaxın 20 ildə dəniz ticarətinin həcmi iki dəfə artacaq ki, bu da yanacağın daha ekoloji növlərinə keçilməsinin əhəmiyyətini qabardır.

Bu barədə məlumat UNCTAD-ın dəniz nəqliyyatının vəziyyəti haqqında məruzəsində yer alıb. Məruzə Sinqapurda keçirilən sammitdə təqdim olunub.

Beynəlxalq Dəniz Təşkilatının mətbuat katibi Li Adamson BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində bildirib ki, dövlətlər dəniz nəqliyyatının atmosferə parnik qazları tullantılarının azaldılması və onların sıfıra endirilməsi ilə bağlı ilkin strategiyanı hələ 2018-ci ildə qəbul ediblər. Parnik qazları emissiyalarını 2050-ci ilə qədər 2008-ci il səviyyəsindən ən azı iki dəfə azaltmaq nəzərdə tutulur. Bu isə o deməkdir ki, hazırda işlədilən gəmilər tullantıları 80 faiz azaltmalı, yeni gəmilər isə 2030-cu ilə qədər emissiyaları sıfıra endirməlidir.

Li Adamson deyib: “Bu strategiya yeni “nəqliyyat” inqilabına gətirib çıxara bilər. Tullantılarının səviyyəsi sıfıra bərabər olan gəmilərin kommersiya baxımından cəlbediciliyinə nail olmaq və investisiyaları novator ekoloji texnologiyaların və alternativ aşağı karbonlu yanacaq növlərinin inkişafına yönəltmək lazımdır”.

Beynəlxalq Dəniz Təşkilatının nümayəndəsi etiraf edib ki, dəniz sənayesində karbon tullantılarının sıfıra endirilməsi daha böyük xərclər tələb edə bilər, lakin ayrı seçim yoxdur. “Mövcud durum tamamilə yolverilməzdir. Özü də təkcə tullantıların iqlim dəyişmələrinə şərait yaratdığına görə deyil. Bu, həm də insanın və ətraf mühitin sağlamlığı məsələsidir ki, onun da maliyyə yükü bütün cəmiyyətin üzərinə düşür”, – deyə Li Adamson fikrini tamamlayıb.

AZƏRTAC