BP: Azərbaycanlılar xarici vətəndaşları əvəz edəcəklər

Bu, şirkətin planlarına daxil olur…

Bu, şirkətin planlarına daxil olur.

 

BP Azərbaycanda ixtisaslı daimi işçilərinin 90%-ni milli kadrlardan təşkil etməyi nəzərdə tutur.

 

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, “BP Exploration (Caspian Sea) Limited” şirkətindən verilən məlumata görə, BP 2014-2018-ci illər üçün 5 illik milliləşdirmə planı hazırlayıb.

 

Bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir:

 

“Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100%-i yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı və iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesi daha da gücləndirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirakı daxildir. Bu plan artıq SOCAR ilə razılaşdırılıb və nəticədə 2013-cü ilin noyar ayında milliləşdirmə sahəsində əməkdaşlıq barədə protokol imzalanıb”.

 

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 835 nəfərdir.

 

Şirkətin ixtisaslı daimi işçilərinin 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

 

Məlumatda qeyd edilib ki, 2013-cü ildə BP həm Azərbaycandakı, həm də ölkə kənarında olan ən yaxşı yerli kadrları işə cəlb etmək üçün bütün mövcud vasitələrdən geniş istifadə etməkdə davam edib.

 

Bunun nəticəsi olaraq 2013-cü il ərzində BP Azərbaycan-Gürcüstan-Türkiyə regionunda 474 nəfəri yeni işə qəbul edib.

 

Bu rəqəmə 367 Azərbaycan vətəndaşı, o cümlədən 57 təcrübəli işçi, 101 texnik, 85 gənc mütəxəssis, “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı” çərçivəsində 80 məzun və 44 yay təcrübəçisi daxildir.

 

/oxu.az/