Belçikanın aparıcı təhsil ocaqlarından biri olan Brüssel Azad Universitetində Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyilə “Qafqazda və bölgədə erməni problemi ” adlı elmi-praktiki konfrans keçirilib…
Belçikanın aparıcı təhsil ocaqlarından biri olan Brüssel Azad Universitetində Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyilə “Qafqazda və bölgədə erməni problemi ” adlı elmi-praktiki konfrans keçirilib.
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, konfransın təşkilatçısı Belçikada fəaliyyət göstərən diaspor təşkilatımız Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olub.
Konfransda çıxış edən Səfir Fuad İsgəndərov qeyd olunan mövzu çərçivəsində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirib.
Konfransda Qafqaz üzrə Belçikalı mütəxəssis Mişel İvor 20 ildən artıq bir müddətdə davam edən erməni işğalı və onun Azərbaycan və bölgə üçün nəticələri haqda məruzə ilə çıxış edib.
Türkiyənin Dokuz Eylül Universitetinin professoru, Dr. Vəfa Qurban ermənilərin Osmanlı dövründən başlayaraq Türkiyədə törətdikləri cinayət və qətliamlar haqqında söz açıb.
Konfransda məruzəçi qismində çıxış edən millət vəkili Qənirə Paşayeva Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıb. O, Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd edib və Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Konfrans zamanı dinləyiciləri maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb.
/Trend/