Bu gün dörd Milli Qəhrəmanımızın doğum günüdür

Onlardan ikisi sağdır, ikisi isə şəhid olub…

Onlardan ikisi sağdır, ikisi isə şəhid olub.

Bu gün Azərbaycanın dörd Milli Qəhrəmanının doğum günüdür.

Oxu.Az xəbər verir ki, Faiq Alış oğlu Ağayev 1969-cu il iyunun 6-da Ağdam rayonu Papravənd kəndində anadan olub. O, 1990-cı ilin sentyabr ayından Ağdam rayonunun milis (polis) alayının tərkibində düşmənə qarşı vuruşub, Dağlıq Qarabağın bütün kəndlərinin müdafiəsində xüsusi şücaət göstərib.

1991-ci il dekabrın 23-də Meşəli kəndi ermənilərin hücumuna məruz qalıb, Faiq Ağayev kiçik bir dəstə ilə kəndin kənarında mövqe tutub, düşmənin qarşısını alıb, həlak olub, ölümü ilə dinc əhalinin kəndi tərk etməsinə şərait yaradıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ağdam rayonu Papravənd kəndində dəfn edilib.

Zabit Adil oğlu Quliyev 1975-ci il iyunun 6-da Kürdəmir rayonu Ərəbxana kəndində anadan olub. O, 1993-cü ilin sentyabrında Milli Ordunun tərkibində düşmənə qarşı vuruşub, Füzuli, Ağdam, Ağdərə, Tərtər bölgələrində qəhrəmanlıq nümunələri göstərib, sərrast atəşlə düşmənin ağır texnikasını sıradan çıxartmaqda ad qazanıb, təkcə Tərtərin Seysulan kəndi uğrunda gedən döyüşlərdə düşmənin 4 tankını vurub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Vahid Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hazırda Vətənə, Xalqa xidmətini davam etdirir.

Mövsüm Şahin oğlu Məmmədov 1967-ci il iyunun 6-da Xocalı rayonu Kosalar kəndində anadan olub. O, 1992-ci ildə milis (polis) sıralarına daxil olub, Meşəli, Kocalar və digər kəndlərin müdafiəsində fəal iştirak edib. 1992-ci il ərzində Xocalının müdafiəsində fədakarlıqla vuruşub, dinc əhalinin xilas edilməsində xüsusi şücaət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hazırda Daxili İşlər Nazirliyinin orqanlarında fəaliyyətini davam etdirir, polis polkovnik-leytenantıdır.

Vəzir İsa oğlu Sədiyev 1961-ci il iyunun 6-da Borçalının Aşağı Qullar kəndində anadan olub. O, peşəkar zabit kimi Sovet ordusunda xidmət edib, artilleriya və raket qoşunları tərkibində hərbi hissənin qərargah rəisinin müavini olub, 1992-ci ilin avqustunda Milli Ordumuza qayıdıb, mayor rütbəsində Artilleriya və Hərbi Hava Qüvvələri sistemində çalışıb, Laçın, Qubadlı, Füzuli, Ağdərə istiqamətlərində döyüşlərdə fəal iştirak edib, əsl hərbçi kimi ad çıxarıb. O, 1993-cü il fevralın 19-da Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

www.oxu.az