Cəbhədə minaya düşən əsgərimiz: Bayrağı səngərdən asmaq üçün…

Baş vermiş hadisənin əsl səbəbləri bəlli oldu…

Baş vermiş hadisənin əsl səbəbləri bəlli oldu.

Məlum olduğu kimi aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan əsgərlər hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdiriliblər.

Oxu.Az xəbər verir ki, “Bizim yol” qəztinin əməkdaşı onların müalicə olunduğu hospitalda olub. Qeyd edək ki, hadisə nəticəsində 6 hərbçi yaralanıb, 3 nəfər həlak olub.

Qəbul şöbəsindən bildirilib ki, burada 3 yaralı əsgər var. Həmin əsgərlər Talıbov Emin Talıb oğlu, Musayev Bəhruz Məhəmməd oğlu və Mirzəyev Alı Pənah oğludur. Ən ağır yaralının E.Talıbovun olduğu bildirildi. Digər xəstələrin vəziyyətinin normal olduğu deyildi.

Qəbul şöbəsində xəstələrin Hospitalın Reanimasiya şöbəsində olduğu deyilsə də, oradan deyilib ki, xəstələr Oftalmologiya şöbəsindədir.

Qəzetin əməkdaşı yazır ki, o səhhətinin ağır olduğu deyilən əsgər Emin Talıbovun yerləşdiyi 105-ci palataya yollanıb. Valideynləri və qohumları da burda idi. Yaralı əsgər və onun yaxınları ilə söhbət edə bildik.

“Oğlum Emin əziyyət çəkərək danışanır. Sol gözündən əməliyyat olunub, ağır xəsarət alıb. Əməliyyat olunmayan sağ gözünü isə aça bilmir. Sinədən yuxarısı, baş da daxil olmaqla xəsarətlər alıb. Bədəninə qəlpələr daxil olub”, – deyə yaralı əsgərin atası Talıb Talıbov bildirib.

Onun sözlərinə görə, oğlu Emin 2013-cü ilin iyul ayında hərbi xidmətə çağırılıb:

“Emin 9 aydır ki, əsgərdir, xidmət müddəti 1 il 6 aydır. 2015-ci ilin yanvar ayında ehtiyyata buraxılmalı idi”.

Çətinliklə danışan yaralı əsgər Emin Talıbovla qısa söhbət edə bildik. O, səhhətinin yaxşı olduğunu, sağ qalmasını möcuzə hesab etdiyini vurğuladı.

Emin Talıbov hadisəni belə təsvir etdi:

“Səngər  batmışdı, biz də səngəri təmizləyirdik. Oradakı minaların da təmizlənməsi nəzərdə tutulmuşdu. Ancaq səngər minalardan yaxşı təmizlənmədi deyə tank əleyhinə mina partladı. Əsgər Kərimov Seyfəddin bayrağı səngərdən asmaq üçün külünglə bayrağın dirəyinə vurdu. Külüng bayrağın dirəyinə dəyən zaman mina partladı.

Kapitan Orucəliyev Ceyhun, əsgərlər Kərimov Seyfəddin və Abdullayev Novruz minalanmış əraziyə yaxın dayanmışdılar. Mən və bir neçə əsgər partlayış baş verən yerdən bir az kənarda idik”.

Müdafiə Nazirliyinin rəsmi saytında mina partlaması nəticəsində ağır yaralanan əsgərlərlə bağlı Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil Babayevin açıqlamasını yerləşdirib. F.Babayevin açıqlamasında bildirilir:

“Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar.

Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəsissəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib. Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silalhli Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə olunub. Ümummiyyətlə qeyd etmək istərdim ki, yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir.  Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asıllıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaqdır.

Yüngül xəsarət alanlar yerində hərtərəfli müəyinə olundu. Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silalhli Qüvvələrin Baş Klinik Hospitalında müəlicəyə ehtiyac yoxdur.

Yaralılar sanitar helikopter vasitəsilə mərkəzi hospitala gətirilib. Helikopterdə yol boyu ixtisaslaşdırılmış cərahiyyə yardımı, ümummiyyətlə reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları vardır. Uçuş müddətində hansısa bir hal baş verərsə dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub.

Xəstələrə psixoloji yardım da göstəriləcək. Təbii ki, bu önəmli məsələlərdən biridir. Artıq o iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır”.

 

/Oxu.az/