Cəmil Çiçək: “ECO ölkələri Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı daha güclü etiraz ortaya qoymalıdır”

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Parlament Assambleyasının Pakistanda keçirilən iclasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub…

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Parlament Assambleyasının Pakistanda keçirilən iclasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. APA-nın TBMM-in saytına istinadən verdiyi məlumata görə, C. Çiçək bildirib ki, ECO ölkələri Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı daha güclü etiraz ortaya qoymalıdır.

C. Çiçək Şimali Kiprin ECO Parlament Assambleyasının toplantılarına müşahidəçi qismində dəvət olunmasını istədiklərini söyləyib: “Geostrateji mövqeyimiz, təbii zənginliklərimiz və sahib olduğumuz dinamikliyi hiss edən beynəlxalq təsir imkanlarına sahib güclər bu coğrafiya üzərində bəzi oyunlar həyata keçirirlər. Bu oyunların fərqində olmalıyıq və daha çox yaxınlaşmalı, daha çox əməkdaşlığa ehtiyac duymalıyıq. Bir çox ortaq problemimiz var, bunlara birlikdə həll yolları tapmalıyıq”, – deyə C. Çiçək vurğulayıb.

Qeyd edək ki, toplantıda Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri, Qazaxıstan, Özbəkistan və Türkmənistandan millət vəkilləri təmsil olunublar.

/APA/