“Xocalı soyqırımı muzeyi”nin Ankaranın Qızılcahamam bölgəsində yerləşməsi ona görə məqsədəuyğundur ki, ora turizm yeridir…
“Xocalı soyqırımı muzeyi”nin Ankaranın Qızılcahamam bölgəsində yerləşməsi ona görə məqsədəuyğundur ki, ora turizm yeridir. Ora çox sayda müalicəvi istirahət ocağının fəaliyyət göstərdiyi bölgədir. Mənə elə gəlir ki, belə bir yerdə “Xocalı soyqırımı muzeyi”nin yaradılması bu hadisənin həm türklərə, həm də dünyaya tanıdılmasında, informasiyanın daha intensiv şəkildə yayılmasına xidmət edir”.
Bunu Modern.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Ankaranın Qızılcahamam bölgəsində Xocalı faciəsi ilə bağlı yaradılan “Xocalı soyqırımı muzeyi”nin bu faciəni tanıtmağa və yaddaşlarda saxlamağa yönələn bir tədbir olduğunu qeyd edən millət vəkili bunu təqdirəlayiq hesab edib.
“İlk növbədə belə bir abidənin Türkiyədə açılması qanunauyğundur. Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif yerlərində tədbirlər keçirilib. 20-yə yaxın parlamentdə müzakirələr olunub, pislənilib və qətnamələr qəbul olunub. Xocalı soyqırımı son iki yüz ildə dünya türklərinə qarşı məqsədli şəkildə aparılan soyqırımlardan biridir. Ona görə də bunun tanıdılmasında təkcə Azərbaycan türkləri deyil, eləcə də dünyanın bütün türk xalqları, o cümlədən Anadolu türkləri də yaxından iştirak etməlidirlər”.
/Modern.az/