Cenevrədə “Əlillərin hüquqları haqqında” Konvensiyanın icrasına dair Azərbaycan tərəfinin ilk məruzəsi dinləniləcək…
Cenevrədə “Əlillərin hüquqları haqqında” Konvensiyanın icrasına dair Azərbaycan tərəfinin ilk məruzəsi dinləniləcək.
Cari il aprelin 1-2-də Azərbaycan Respublikasının aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Cenevrədə (İsveçrə) BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında iştirak edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindənModern.az-a verilən məlumata görə, sessiyada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən Azərbaycan hökumətinin BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində gördüyü işlərə dair ilk məruzəsi təqdim olunacaq.
Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya və onun Fakultativ Protokoluna 2008-ci ilin 2 oktyabrında qoşulub. Konvensiya bütün əlil insanların insan hüquqlarından və əsas azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına təkan verilməsini, bunun müdafiə və təmin edilməsini, əlillərə cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılmasını, onlarla bağlı ayrı-seçkiliyə yol verilməməsini, həmin şəxslərin ləyaqətinə hörmətlə yanaşılmasını nəzərdə tutur. Konvensiyanın 35.1-ci maddəsinə əsasən, Konvensiyaya qoşulan ölkələr bu sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə olunan nəticələr haqqında dövri olaraq hesabatlar təqdim edirlər. Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq işlər aparılır. Eyni zamanda, əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin qeyd olunan Konvensiyaya uyğunlaşdırılması üçün ƏƏSMN tərəfindən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun layihəsi hazırlanıb. Konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihə sənədi isə müvafiq təşkilatlarla birgə müzakirə mərhələsindədir.<p “>
Hər iki layihə nazirliyin www.mlspp.gov.az saytında yerləşdirilib.
Modern.az