Cenevrədə keçiriləcək Qaçqınlar üzrə Qlobal Forumla əlaqədar Azərbaycanın öhdəlikləri müzakirə olunub

Dövlət Miqrasiya Xidmətində 17-18 dekabr 2019-cu il tarixində Cenevrədə keçiriləcək “Qaçqınlar üzrə Qlobal Forum”la əlaqədar Azərbaycanın öhdəliklərinin və tövsiyələrinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Məqsəd BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin təkliflərini nəzərdən keçirmək, mümkün könüllü öhdəliklərini müəyyənləşdirmək və ölkəmizin vahid mövqeyini formalaşdırmaqdır.

Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev “Qaçqınlar üzrə Qlobal Forum”un əhəmiyyətini diqqətə çatdırıb. Ölkəmizdə sığınacaq sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun təkmilləşdirilməsi, eləcə də beynəlxalq himayə altında olan şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Energetika Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Neft Şirkətinin nümayəndələri iştirak ediblər.

Dövlət Miqrasiya Xidməti