Ceyrançölün minadan təmizlənməsi layihəsinin birinci mərhələsi iyunda başa çatacaq

NATO layihənin ikinci mərhələsinə dəstəyini bəyan edib, ikinci mərhələ iyulda başlayacaq, iki il davam edəcək…

NATO layihənin ikinci mərhələsinə dəstəyini bəyan edib, ikinci mərhələ iyulda başlayacaq, iki il davam edəcək

 

 Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi layihəsinin birinci mərhələsini iyun ayında yekunlaşdıracaq.

 

Bu barədə APA-ya ANAMA-nın partlamamış hərbi sursatlar üzrə mütəxəssisi Pərviz Gidayev məlumat verib.

 

P. Gidayevin sözlərinə görə, artıq NATO layihənin ikinci mərhələsinə dəstəyini bəyan edib. İkinci mərhələ iyul ayında başlayacaq, iki il davam edəcək.

 

İkinci mərhələdə 23 milyon 585 min kvadratmetrə yaxın ərazinin yoxlanılaraq mina və PHS-dən təmizlənməsi planlaşdırılır.

 

Ceyrançöl layihəsinin bu yaxınlarda tamamlanacaq birinci mərhələsi çərçivəsində 19 milyon kvadratmetrdən artıq ərazi təmizlənməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Azərbaycanın Gürcüstanla dövlət sərhədinin yaxınlığında yerləşən Ceyrançöl sahəsində keçmiş Sovet ordusuna məxsus hərbi poliqon yerləşib.

 

Ərazidə çox sayda PHS və minaya rast gəlinir.

 

/Apa/