Deputat: Azərbaycana xaricdən hər hansı bir müdaxilə indiyə qədər olduğu kimi, bundan sonrada iflasa uğrayacaq

Bəzi xarici qeyri-hökumət təşkilatları uzun müddət “demokratiya ” adı altında Azərbaycanda öz şəbəkələrini yaratmaqla və genişləndirməklə cəmiyyətə təsir göstərməyə cəhd göstərsələr də, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda öz istəklərinə nail ola bilmədilər…

Bəzi xarici qeyri-hökumət təşkilatları uzun müddət “demokratiya ” adı altında Azərbaycanda öz şəbəkələrini yaratmaqla və genişləndirməklə cəmiyyətə təsir göstərməyə cəhd göstərsələr də, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda öz istəklərinə nail ola bilmədilər. Bu barədə Trend-ə millət vəkili, professor Müsa Qasımlı deyib.

Millət vəkilinin sözlərinə görə, ona görə nail ola bilmədilər ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət bütövlükdə hər bir Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəlməsinə hesablanıb.

M.Qasımlı bildirib ki, Azərbaycan heç bir zaman yad təsirləri qəbul etməyib, demokratiyaya doğru inkişafını müəyyənləşdirib: “İkinci bir tərəfdən, Azərbaycanı bu cür QHT-lərin fəaliyyət göstərdiyi digər ölkələrlə qətiyyən müqayisə etmək olmaz. Son 20 ildən artıq bir müddət ərzində Azərbaycan görünməmiş inkişaf yolu keçib. Ərazilərinin bir hissəsinin işğal altında olmasına baxmayaraq, Azərbaycan qurulan, yenidən tikilən bir məmləkətə çevrilib “.

Millət vəkili əlavə edib ki, bu inkişaf təkcə ölkəmizin paytaxtı Bakıda deyil, bütün regionlarda, hətta ən ucqar dağ kəndlərində belə aydın şəkildə görünür: “Belə bir şəraitdə insanlar hansısa QHT-lərin boş vədlərinə, təbliğatına deyil, konkret görülən işlərə inanırlar. Konkret görülən işlər isə göz qabağındadır. Bu işlər Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına və dövlətin güclü olmasına yönəlib “.

M.Qasımlı əlavə edib ki, ona görə də demokratik dövlət quruculuğu Azərbaycan xalqının və hakimiyyətinin iradəsi ilə bağlıdır, xaricdən hər hansı bir müdaxilə isə indiyə qədər olduğu kimi, bundan sonra da iflasa uğrayacaq: “Əlbəttə, ölkəmizdəki QHT-lər xarici ölkələrdəki müəyyən beynəlxalq QHT-lərlə əməkdaşlıq etməlidirlər. Bu, normal haldır. Azərbaycan açıq cəmiyyətdir. Amma Azərbaycan dövləti o qədər güclüdür ki, kənardan hər hansı bir müdaxilə heç zaman uğur qazana bilməz. Azərbaycanda hakimiyyət ilə xalq arasında sıx birliyin olması bunun təminatıdır “.

 

/trend/