Deputat: Məcburi köçkünlərdən üzr istəyirəm

Oqtay Əsədov: “Etibar Hüseynov, sizə tövsiyəm odur ki, mətbuata az danışasınız”…

Oqtay Əsədov: “Etibar Hüseynov, sizə tövsiyəm odur ki, mətbuata az danışasınız”.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Hüseynovun qaçqın və məcburi köçkünlər barədə təhqiramiz ifadələr işlətməsi ilə bağlı yayılan xəbərlərə toxunulub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, əvvəlcə Etibar Hüseynov söz alaraq bu barədə izahatla çıxış edib.

E.Hüseynov bildirib ki, onun haqqında yayılan bu xəbərlərin heç bir əsası yoxdur:

“Bu, konkret bir mənbədən mənə qarşı edilən qarayaxmadır. Guya mən hansısa proqramda çıxışımda qaçqın və köçkünləri, qarabağlıları təhqir etmişəm və sair. Mən bunun kimlər tərəfindən yayılması barədə artıq faktlar əldə etmişəm və bu faktları toplayıb müvafiq orqanlara ölçü götürülməsi üçün təqdim edəcəyəm. Eyni zamanda buradan bildirərəm ki, bununla bağlı istintaq aparılıb başa çatana qədər mətbuata heç bir açıqlama verməyəcəyəm və bu gündən etibarən mənim adımdan yayılan xəbərlər saxtadır”.

Deputat bütün bunlara baxmayaraq, adından yayılan xəbərlərə görə qaçqın və köçkünlərdən, o cümlədən qarabağlılardan üzr istəyib:

“Bütün hallarda mənim adımdan bu insanlar mənən incidilibsə, təhqir olunubsa, yenə də mən heç nəyə baxmayaraq onlardan üzr istəyirəm. Üzr istəmək böyüklük əlamətidir”.

E.Hüseynovun çıxışına münasibət bildirən MM sədri Oqtay Əsədov qeyd edib ki, aprelin 3-də axşam İntizam Komissiyasında onun da iştirakı ilə E. Hüseynovun məsələsinə baxılıb:

“Biz onunla çox sərt söhbət etdik, lazım olan işi apardıq. Ona görə də Etibar Hüseynov, sizə tövsiyəm odur ki, ümumiyyətlə, mətbuata az danışasınız. Deyirsiniz az danışıram, danışmırsınız belə skandal yaranır, görün çox danışsanız nə olar”.

www.oxu.az