Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət ” mərkəzlərində mənzillərin qeydiyyatı haqqında arayışların ( “kupçi “) verilməsinə fevralın 22-dən başlanacaq…
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət ” mərkəzlərində mənzillərin qeydiyyatı haqqında arayışların ( “kupçi “) verilməsinə fevralın 22-dən başlanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.
O, qeyd edib ki, həmin işləri “ASAN xidmət ” mərkəzlərində Dövlət Komitəsinin mütəxəssisləri həyata keçirəcəklər: “Həmin xidmətlər paralel olaraq, yəni həm mərkəzlərdə, həm də bizim struktur bölmələrimizdə həyata keçiriləcək. Vətəndaşlar “ASAN xidmət ” mərkəzlərində müvafiq çıxarışları, mənzil mülkiyyəti hüquqlarının ilkin və ya təkrar qeydiyyatı haqqında texniki pasportları da alacaqlar “.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli fərmanla mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi; yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata qəbulu və hərbi qeydiyyatdan çıxarılması; xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri “ASAN xidmət ” mərkəzlərində həyata keçiriləcək.
/Trend/