Dövlət Komitəsinin sədri: “Elə məmurlar var ki, hələ də qaçqın və məcburi köçkünləri başa düşmürlər”

“Böyük güclər prezident İlham Əliyevin xalq, dövlət üçün gördüyü böyük işlərə qısqanclıqla yanaşır”…

“Böyük güclər prezident İlham Əliyevin xalq, dövlət üçün gördüyü böyük işlərə qısqanclıqla yanaşır”

 

Bakı. Ramiz Mikayıloğlu – APA. “Doğma yurd-yuvamız həmişə yuxuma girir. Anam mənə demişdi ki, vəfat edəndə onu həyat yoldaşının yanında dəfn edim. Görün insanlar hansı vəziyyətlə üzləşiblər? Heydər Əliyev məni bu vəzifəyə təyin edəndə dedi ki, bəlkə sən bu insanları başa düşəsən. Elə məmurlar var ki, hələ də qaçqın və məcburi köçkünləri başa düşmürlər. Başa düşmürlər ki, bir gün onlar da qaçqın, məcburi köçkün həyatı yaşaya bilərlər”.

 

APA-nın məlumatına görə, bunu bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, prezident İlham Əliyevin xalq, dövlət üçün gördüyü böyük işlərə böyük güclər qısqanclıqla yanaşır: “Bizim problemi yaradan, ona səbəb olan bilməlidir ki, bir gün onun da qapısı bu problemlə döyüləcək. Avropa da bilməlidir ki, səkkiz başlı oyun oynamaq olmaz. Hər gün eşidirik ki, Suriyada minlərlə insan ölür. Niyə reaksiya vermirlər? Torpaqlarımız işğal olunanda niyə səslərini qaldırmadılar? Yeganə Türkiyə səsini qaldırdı. Biz də dünyanın gedişatına uyğun işimizi qurmalıyıq”.

 

Torpaqlarımızın gec-tez işğaldan azad ediləcəyini vurğulayan Ə. Həsənov ilk növbədə məqsədin adət-ənənələri, milli xüsusiyyətləri saxlamaq olduğunu bildirib: “Mən beynəlxalq təşkilatların təmsilçiləri ilə söhbətdə dəfələrlə demişəm ki, torpaqlar qayıdacaq, bəs min illərlə formalaşan adət-ənənə necə bərpa olunacaq?”

 

/Apa/