Dövlət Miqrasiya Xidməti ilə ölkəmizdəki iş adamları arasında görüş keçirilib.

İşgüzar dairələrlə əlaqələrin gücləndirilməsi, işəgötürənlərin maarifləndirilməsi, onları narahat edən məsələlərin müzakirəsi, qarşılıqlı informasiya mübadiləsi məqsədi ilə təşkil olunan görüşdə müəssisə rəhbərləri, yerli və xarici fərdi sahibkarlar iştirak ediblər.

Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafını prioritet sahə kimi önə çəkməsini, iş adamlarına yaradılan şəraitin günü gündən yaxşılaşdığını bildirən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov işgüzar dairələrlə informasiya mübadiləsinin aparılmasını fəaliyyət istiqamətində effektivliyin artırılmasına xidmət etdiyini vurğulayıb. Dövlət Miqrasiya Xidmətindəki son yeniliklər barədə məlumat verən Vüsal Hüseynov sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdə və işəgötürənlərlə qarşılıqlı müzakirələr aparmaqda maraqlı olduğunu bildirib. Bu qəbildən olan tədbirlərin, Azərbaycanda şəffaf biznes mühitinin daha da artırılmasına, iş adamlarına əlverişli şəraitin yaradılmasına tövhə verdiyini söyləyən Xidmət rəisi sahibkarların suallarını cavablandırıb.

Ənənə halını alan görüşdə həlli vacib məsələlər araşdırılıb, qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər müzakirə olunub,həmçinin, sahibkarlara zəruri məlumatlar verilib, əcnəbi işçi qüvvəsinə tələbatların təminində yaranan çətinliklər, qarşıdakı il üçün əməkçi miqrantlara olan ehtiyaclara dair proqnoz məlumatların hazırlanması və digər mövzular müzakirə olunub.

Dövlət Miqrasiya Xidməti