Dövlət Miqrasiya Xidməti tərəfindən Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Azərbaycan Respublikasında ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydalarında yeniliklər”, həmçinin “Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması” mövzularında hüquqi maarifləndirmə seminarı keçirilib.

Tədbirdə professor və müəllim heyəti, metodistlər, təhsil üzrə ekspertlər, həmçinin tələbələr olmaqla, ümumilikdə 52 nəfər iştirak edib.

İştirakçılara əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, həmçinin vətəndaşlıq məsələləri ilə bağlı geniş məlumat verilib. Xidmət tərəfindən vətəndaşlara rahat, operativ və şəffaf xidmətin təşkili məqsədilə DMX-nin elektron və onlayn xidmətləri barədə, eləcə də “Miqrasiya Məcəlləsi” və “Dövlət rüsumu haqqında” qanuna edilən yeni dəyişikliklər videoslaydlar vasitəsilə ətraflı şərh olunub.

DMX tərəfindən hazırlanmış bukletlər iştirakçılara paylanılıb və onları maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılıb.

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova seminar iştirakçıları adından vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin bu sahədə hüquqi biliklərinin artırılması məqsədilə belə maarifləndirmə tədbirinin təşkili üçün Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Dövlət Miqrasiya Xidməti