Dövlət Miqrasiya Xidmətinin “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət bölməsi fəaliyyətə başlayıb

Dövlət Miqrasiya Xidməti Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin fəaliyyətinin təşkilinə başlayıb.

“Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti,  Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin açılış tədbiri keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək respublikamızın quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətindən danışıblar. Onlar “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub, infrastrukturunun təkmilləşdirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılıması barədə müzakirələr aparıb və müvafiq tapşırıq və tövsiyələr veriblər.

Qurum rəhbərləri Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər ediblər.

Prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icra vəziyyəti ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

 

Yeni miqrasiya bölmələri miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edəcək.

Yeni miqrasiya bölməsi ilk vaxtlarda ölkədə olduğu və ya yaşadığı dövrdə miqrasiya sahəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasından getməsi məhdudlaşdırılan əcnəbilərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin ölkədən çıxış vaxtı dövlət sərhədindən buraxılış məntəqəsində operativ və yerində həll edilməsi, miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdiyi üçün ölkəyə girişi məhdudlaşdırılan əcnəbilərin inzibati qərar icra edilməklə ölkəyə vaxt itkisi olmadan giriş etmələrinin təmin olunması, ölkə ərazisində olduğu yer üzrə qeydiyyatın aparılması və ölkədə yaşama icazələrinin alınması üçün sənədlərinin icraatda olmasını təsdiqləyən müvafiq arayışların verilməsi xidmətlərinin göstərilməsini təmin edəcək. Gələcəkdə göstərilən xidmətlərin sayının artırılması nəzərdə tutulur.

Yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.

Eyni zamanda, vətəndaşlar və sürücülərlə görüş təşkil olunub, sərhədkeçmə prosesindəki vəziyyətlə bağlı onların rəy və təklifləri dinlənilib.

Həmçinin, yaxın günlərdə “Astara” (Azərbaycan Respublikası-İran İslam Respublikası) və “Şıxlı” (Azərbaycan Respublikası-Gürcüstan) dövlət sərhədindən buraxılış məntəqələrində də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölmələrinin fəaliyyətə başlaması nəzərdə tutulur.