DSMF-nin Xocalı soyqırımı ilə bağlı keçirdiyi anım tədbirində Trend İnformasiya Agentliyinin sənədli filmi nümayiş etdirilib

Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib…

Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

Fondun İctimaiyyətlə əlaqə sektorundan Trend-ə verilən məlumata görə, soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş səhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan toplantını giriş sözü ilə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev açıb.

 

E.Mehdiyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş və onun dinc əhalisinə amansızcasına divan tutublar.

 

Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilib. Beynəlxalq hüquqa görə belə hərəkətlər «soyqırım » adlanır.

 

Elman Mehdiyev qeyd edib ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib və fevralın 26-sı «Xocalı soyqırımı günü » elan edilib.

 

Toplantıda Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış «Xocalıya ədalət! » beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə geniş məlumat verilib. DSMF-nin sədri Elman Mehdiyev qeyd edib ki, ermənilərin məlum təcavüzü nəticəsində Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımız dövlətimizin hərtərəfli sosial qayğısı ilə əhatə olunub. Onlara verilən pensiya və müavinətlərin məbləği ilbəil artırılır.

 

Anım mərasimi Trend Beynəlxalq İnformasiya Agentliyinin Xocalı soyqırımından bəhs edən «Sözün bitdiyi zaman » sənədli filminin nümayişi ilə başa çatıb.

/Trend/