Elmar Məmmədyarov: “Heç bir rəsmi status ən qatı beynəlxalq cinayət törətməkdə adı hallandırılan şəxsə immunitet verə bilməz”

“Ermənistan tərəfindən ölkəmizə qarşı müharibə və ərazilərimizin hərbi işğalı mülki əhaliyə ciddi mənfi təsir göstərib. Təcavüz nəticəsində Azərbaycan dünyada qaçqınların və məcburi köçkünlərin ən çox olduğu ölkələrdən birinə çevrilib”…

“Ermənistan tərəfindən ölkəmizə qarşı müharibə və ərazilərimizin hərbi işğalı mülki əhaliyə ciddi mənfi təsir göstərib. Təcavüz nəticəsində Azərbaycan dünyada qaçqınların və məcburi köçkünlərin ən çox olduğu ölkələrdən birinə çevrilib”. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələr zamanı mülki əhalinin qorunmasına həsr olunmuş açıq debatda çıxışı zamanı deyib.

XİN başçısı hazırda Azərbaycanda hər doqquz nəfərdən birinin bu kateqoriyaya aid olduğunu xatırladıb: “İyirmi bir il öncə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görülməmiş kütləvi qırğın törədilib. Həmin şəhərdə təkcə bir gecədə 600-dən artıq mülki şəxs sırf azərbaycanlı olduqları üçün qətlə yetirilib. Ermənistanın işğalçı hərbi birləşmələri və yerli qeyri-nizami silahlı qruplar qadınlara, uşaqlara və yaşlılara da rəhm etməyiblər. Azərbaycan ərazilərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə xüsusilə beynəlxalq humanitar hüququn pozulması, o cümlədən Azərbaycanda çoxsaylı mülki əhalinin yerlərindən qovulması və mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinə hücumlar və bombardmana diqqət yönəldilib. Əminik ki, həm milli səviyyədə, həm də mövcud beynəlxalq hüquqi çərçivədə atılacaq ardıcıl addımlar münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə məsul olanları ədalət mühakiməsinə çıxaracaq. Danılmaz faktdır ki, bu gün heç bir rəsmi və ya siyasi status ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə immunitet verə bilməz”.

Elmar Məmmədyarov bildirib ki, BMT TŞ tərəfindən münaqişələrin həlli ilə bağlı nəzərdən keçirilən təşəbbüslər və regional mexanizmlər sülhün və ədalətin səmərəli şəkildə birgə işləməyini təmin etməlidir: “Bu yanaşma onu nəzərdə tutur ki, bütün münaqişələr beynəlxalq hüquqa uyğun şəkildə nizamlanmalıdır və bu, xüsusilə beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüququnun əsas norma və qaydaları üçün keçərlidir. Sülh cəhdləri və sülh müqavilələri heç bir zaman gücün qeyri-qanuni istifadəsi və beynəlxalq hüququn kobud pozuntusu, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və etnik təmizləmə vasitəsilə ortaya çıxmış vəziyyətin tanınmasını təşviq etmir. Digər tərəfdən, həlli uzadılmış silahlı münaqişə vəziyyətində siyasi məsələlərlə bağlı razılaşmanın olmaması beynəlxalq humanitar hüquq və insan hüquqlarının davamlı və qəsdən pozulması nəticəsində ortaya çıxmış problemlərin həll olunmaması üçün bəhanə kimi istifadə oluna bilməz”.

XİN başçısı qeyd edib ki, təcili tədbirlərin görülməsini tələb edən vacib məsələlərdən biri qadın və uşaqlar da daxil olmaqla silahlı münaqişələr zamanı girov götürülmüş və itkin düşmüş mülki insanlarla bağlıdır: “Azərbaycan narahatlıq doğuran bu vəziyyətin aradan qaldırılması üçün BMT Baş Assambelyasının iki ildə bir dəfə qəbul etdiyi qətnamələri və əsas dəstəklçilərindən olduğu Qadınların Statusu üzrə Komissiyanın fəaliyyətini dəstəkləməklə öz səylərini davam etdirir”.

/Apa/