Elmar Məmmədyarov Qarabağla bağlı dəstəyə görə Türk Şurasına təşəkkür edib

“Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşmiş və qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasnda deyib. 

Nazir qeyd edib ki, lakin Ermənistan öz işğalına və təcavüzünə son qoyulması barədə BMT TŞ-nin qətnamələrinə və beynəlxalq təşkilatların digər sənədlərinə məhəl qoymamaqda davam edir: “Azərbaycana qarşı təcavüzü pisləyən, Ermənistanı yuxarıda göstərilən qətnamələri yerinə yetirməyə çağıran prinsipial mövqe nümayiş etdirdiyi üçün hər bir ölkəyə və Türk Şurasına yüksək dəyər verdiyimizi bildirmək istərdim. Bu baxımdan, Türk Şurası üzv dövlətlərinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həlli üçün birmənalı dəstəyi çox təqdirəlayiqdir”.

Report