Nikol Paşinyan: “Avropa Azərbaycanı öz müstəqilliyi uğrunda mübarizə aparan, müstəqil siyasət yürüdən ölkə kimi qəbul edir”…
Nikol Paşinyan: “Avropa Azərbaycanı öz müstəqilliyi uğrunda mübarizə aparan, müstəqil siyasət yürüdən ölkə kimi qəbul edir”
5-6 fevral tarixində Strasburqda Avropa İttifaqı-Ermənistan əməkdaşlığı parlamentlərarası komissiyasının nəzərdə tutulan iclası baş tutmayıb. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, iclasda erməni tərəfinin nəinki çıxış etməyə, hətta bəyanat verməyə imkanı olmayıb, daha doğrusu imkan verməyiblər.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) tarixində buna oxşar hadisə olmayıb. Məlumatı Ermənistan nümayəndə heyətinin üzvü, Ermənistan Milli Konqresi fraksiyasından olan deputat Nikol Paşinyan da təsdiq edib. Ermənistan nümayəndə heyətinin şərəfinə təşkil olunmuş ziyafət də AvroParlamentin sədr müavini Yaçek Protaseviç tərəfindən təxirə salınıb.
“Ermənistan hakimiyyətinin nümayəndələri bildirirlər ki, rəsmi İrəvanın Gömrük İttifaqına qəbulu təbiidir və məntiqlidir”, deyə Komissiyanın həmsədri Milan Çabrnox bildirib və əlavə edib ki, bu açıqlama ağlabatan deyil.
O bildirib ki, Ermənistanın Aİ-yə assosiativ üzv olması üçün 3 il ərzində həm mənəvi, həm maddi vəsait sərf olunub. İndi isə Ermənistan tərəfi bildirir ki, İrəvanın Gömrük İttifaqına qoşulmasını təbiidir və məntiqə uyğundur: “Əgər biz bilsəydik ki, rəsmi İrəvanın atdığı adddım “məntiqə uyğundur “, onda bu qədər vaxt və vəsait sərf etməzdik”.
Paşinyan təəssüflə bildirib ki, Avropa Birliyində artıq Ermənistan müstəqil dövlət kimi qəbul edilmir: “Ermənistan suveren ölkə statusunu itirdi. Artıq ölkəmizi Rusiyanın forpostu kimi qəbul edirlər. Bu, çox utancverici məqamdır. Bizim xarici diplomatiyamızda əsas kozırlardan biri bu idi ki, Qərbə Ermənistanla Azərbaycanın fərqini nümayiş etdirək. Avropalılara göstərək ki, Ermənistan demokratik dəyərlərə sahibdir, Azərbaycandan daha artıq hüquqi dövlətdir. Bunları əlimizdə əsas tutub Avropa Birliyində Ermənistan üçün sərfəli mövqe təmin edə bilərdik. Amma hazırda Qərbdə Ermənistana və Azərbaycana münasibət demokratiya və qanunların aliliyi müstəvisində yox, müstəqil siyasət yürütmək anlamında formalaşıb. Demokratiya və qanunun aliliyi artıq köhnəlmiş anlayışdır. Aİ Azərbaycanı müstəqil ölkə kimi qəbul edir və bu, belədir. Azərbaycanda hansı dövlət quruluşunun olduğunu deməyimizdən asılı olmayaraq Avropa Azərbaycanı öz müstəqilliyi uğrunda mübarizə aparan, müstəqil siyasət yürüdən ölkə kimi qəbul edir. Bu yolda torpaqlarını itirsə də mübarizəsindən qalmır. Ermənistan isə, avropalıların təbirincə desək, müstəqil ölkə deyil, Azərbaycanı cəzalandırmaq üçün Rusiyanın əlinə aldığı əşya, forpostdur”.
Paşinyan əlavə edib ki, Ermənistan bundan sonra da avropalılar tərəfindən belə adlandırılacaq: “Mən əvvəllər də demişdim ki, Ermənistanın addımları özünə qarşı yönələ bilər. Sentyabr ayında Sarkisyanın Gömrük İttifaqına daxil olmaq barədə sənədə imza atmasından sonra Aİ-nin Ermənistana münasibəti köklü olaraq dəyişdi. Bura Aİ-Ermənistan əlaqələrinin gələcəyini də əlavə etsək ölkəmizin nə qazandığını, nələr itirdiyini təsəvvür edə bilərik”.
/Sia.az/