Erməni Samvel: Sarkisyan qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxardı

“Məmməd kişinin də başını kəsdilər”…

“Məmməd kişinin də başını kəsdilər”.

Mən 2010-cu ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində olarkən vaxtilə Qarabağ müharibəsinin iştirakçısı olmuş bir erməni (Ermənistan vətəndaşı) ilə təsadüfən görüşdüm. Həmin erməni ilə uzun çəkən söhbətim elə alındı ki, o, mənə şahidi olduğu bir neçə fakt açıqladı.

Onu da bildirim ki, mən həmin faktların bəziləri haqda “27 ildən sonra” (Bakı, “Nurlan”, 2013) adlı kitabımda yer almış “Silinməyən ləkə” romanımda bəhs etmişəm. Aşağıda həmin faktların bəzilərini nəzərinizə çatdırıram və bildirmək istəyirəm ki, bir bədii əsərdə yer alsa da, bunlar heç bir bədiilik qatılmamış faktlardır.

Oxu.Az xəbər verir ki, bunu Modern.az-a Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, polis mayoru Cəlaləddin Qasımov deyib.

Cəlaləddin Qasımov yazır ki, “Keçmiş döyüşçü” olan erməni Xocalıda əsir düşmüş vətəndaşlarımızdan biri olan Məmməd Nağıyevin söylədiklərini danışırdı:

“Ermənilər bizi aldadaraq, deyirdilər ki, kim əsirlikdən qurtarmaq, yaxud dəyişilmək istəyirsə, bizimlə gəlsin. Bu minvalla azərbaycanlı əsirləri bir-bir aparırdılar. Sonradan öyrəndik ki, onları ölən erməni əsgərlərinin qəbri üstə apararaq başlarını kəsirlərmiş.

Yenə bir gün də ermənilərdən biri azərbaycanlı əsirlər saxlanılan yerə gələrək,13 nəfəri seçib apardı və dedi ki, meşədə onun qohumunu öldürüblər.

“Bir erməniyə görə 13 türk, monqol, azərini öldürəcəm” – deyə o, dedi. Sonra məlum oldu ki, dediyi kimi də edib – apardığı əsirlərin başını kəsib”.

“Ermənilər içəri girərək qadınlara sataşırdılar. Ermənistandan qaçqın düşərək Xocalıda məskunlaşan Məmməd adlı bir kişinin oğlu Söhbət ermənilərin bu hərəkətinə qarşı çıxdı. Ermənilər hamının gözü qarşısında Söhbətin başını kəsərək futbol topu kimi bir-birlərinə ötürdülər. Ermənilərin bu hərəkətinə etiraz edən atası Məmməd kişinin də başını kəsdilər”.

Samvel adlı erməni Cəlaləddin Qasımovla Tiflisdəki söhbətində daha dəhşətli bir faktı da açıqlayaraq bildirdi ki, Ermə­nis­ta­nın hazırkı prezidenti Serj Sərkisyan Xocalı soyqırımında şəxsən aman­sız qətllər törədib. O, bir hadisənin canlı şahidi olduğunu söylə­di: 

“Ermənilər hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da, getməyə yer tapmayan azərbaycanlılara rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini yaşayanlar, donub qalanlar və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki, onları  öldürməyək. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, “nəyimiz var, sizin olsun”.

 Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı verin, sizi oradan Ağdama yola salacağıq. 

Balayan (erməni terrorçu Zori Balayan – red.) aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyləri qalmayıb. Zinət əşyaları, bank kartları, rus pasportları – nələri varsa, yığıb verdilər. Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın.

Bu vaxt Sarkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını, bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi”.

www.oxu.az