İstanbulda keçirilən voleybol qarşılaşmasında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb…
İstanbulda keçirilən voleybol qarşılaşmasında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
“Xocalıya ədalət! ” kampanyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-də İstanbulda qadın voleybolçulardan ibarət Bakının “Azəryol ” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışının yarımfinal mərhələsində “Fənərbaxça ” klubu ilə qarşılaşıb.
Oyun zamanı Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı “Xocalıya ədalət! ” kampaniyası çərçivəsində “Azəryol ” komandasının təşəbbüsü, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə Xocalı şəhidlərimiz anılıb.
Voleybolçularımız şəhidlərimizin xatirəsinə ehtiram olaraq, oyun başlarkən üzərinə 3 dildə “Xocalıya ədalət! ” yazılmış banner ilə bir dəqiqəlik sükutla şəhidlərimizi yad edib, meydana qollarında qara sarğı ilə çıxıblar. Stadionda isə azarkeşlərimiz “Xocalıya ədalət! ” kampanyasının köynəklərini geyinərək komandamıza dəstək olublar.
Məqsəd bu dəhşətli faciəni bir daha dünya ictimayyətinin, o cümlədən Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmaq olub.
Qeyd edək ki, İstanbul təmsilçiləri həmin görüşdə oyunu üç setdə öz xeyirlərinə həll ediblər: 3-0. Oyunu hakimlər – fransız Yaniç Kaladay və bolqar İvaylo İvanov idarə ediblər. Cavab oyunu martın 1-də Bakıda olacaq.
/Trend/