Qondarma Dağlıq Qarabağın iqtisadi xarakteristikası və ermənilərin qeyri qanuni fəaliyyəti

Qondarma Dağlıq Qarabağın iqtisadi xarakteristikası və ermənilərin qeyri qanuni fəaliyyətiAzərbaycan Respublikasının 20%-dən artıq torpaqları Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Dünyanın bir sıra ölkələrinin narazılığına və beynəlxalq təşkilatların tətbiq etdikləri sanksiyalarına baxmayaraq torpaqlarımız hələ də erməni işğalçılarının əlindədir.
Azərbaycan torpaqlarının qaytarılması barədə beynəlxalq miqyasda aparılan işlərə baxmayaraq ermənilər öz işğalçı siyasətini hələ də davam etdirir, hətta xaricdə yaşayan erməni milyonerləri və erməni diasporu işğal olunmuş Azərbaycan torpaqlarına investisiya qoyur və qeyri qanuni fəaliyyətlərini davam etdirirlər. Erməni diasporu və milyonerləri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ torpaqlarından əldə etdikləri gəliri həmin ərazilərə ermənilərin cəlb olunması üçün güzəştlər tətbiq edir və qondarma erməni abidələrinin yerləşdirilməsi ilə bağlı işlər aparırlar.
Qondarma Dağlıq Qarabağın müstəqilliyinin digər dövlətlər tərəfindən qəbul olunmaması, Azərbaycan və Türkiyənin onu blokadada saxlaması onun iqtisadi inkişafını xeyli zəiflətmişdir. Lakin Ermənistan və İran İslam Respublikası qondarma Qarabağa öz maddi dəstəyini əsirgəmirlər. Bununla yanaşı erməni diasporu və milyonerləri də bu işlərdə yaxından iştirak edir. Onlar burada aqrar sektoru, dağ-mədən sənayesini, innovasiya texnologiyalarını və turizm sektorunu inkişaf etdirirlər.
Biz bilirik ki, Dağlıq Qarabağ faydalı qazıntılarla və mineral sularla çox zəngindir. Burada qızıl, gümüş, mis, əlvan metallar, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və s. faydalı qazıntılara rast gəlmək olar.
Qondarma Dağlıq Qarabağ Milli Statistika Komitəsinin rəsmi məlumatına əsaslansaq görərik ki, Qondarma Qarabağda 2001-2006-cı illərdə 3%-lik inflyasiyanın qarşısında ÜDM-in həcmi 11-13% artmışdır. Ümumi Daxili Məhsul (ÜDM) isə 2007-ci ildə 232,10 mln ABŞ dollar olmuşdur. Bu göstərici 2006-cı il ilə müqayisədə 8,8% artmışdır. Adambaşına isə bu göstərici 1489,5 ABŞ dollar təşkil edir.
Bu illər ərzində məhsul istehsalı 3,9%, sənaye məhsulları 5,8%, kənd təsərrüfatı məhsullarının istehsalı isə 5,4% artmışdır. Özəl sektorda ÜDM 63,5% təşkil etmişdir. Bunun da 32%-i kiçik və orta sahibkarlığın payına düşür.
Qarabağa xarici yardımlar əsasən ABŞ tərəfindən edilir. Belə ki, ABŞ konqresi tərəfindən Dağlıq Qarabağa 1998-2006-cı illərdə edilən humanitar yardımın həcmi 3 mln ABŞ dolları olmuşdur. 2007-2008-ci illərdə bu göstərici 5 mln ABŞ dolları, 2009-cu ildə isə 8 mln ABŞ dolları təşkil etmişdir. Bununla yanaşı təkcə 2008-ci ildə Qarabağda 64 xeyriyyə proqramı həyata keçirilmişdir ki, bu proqramlarında ümumi dəyəri 13 mln ABŞ dolları həcmində olmuşdur. Xeyriyyə proqramlarının sponsorları Amerikada yaşayan ermənilər və erməni diasporu olmuşdur.
Dağlıq Qarabağa ayrılan investisiyalar əsasən erməni diasporunun üzvləri tərəfindən ayrılır. İnvestisiyaları Dağlıq Qarabağ hökuməti əsasən regionun iqtisadi inkişafa yönəldir. İnvestisiyaların əsasən Su Elektrik Stansiyaları, üzümçülük, kənd təsərrüfatı məhsullarının istehsalı, təbii ehtiyatların mənimsənilməsi, turizm və informasiya texnologiyalarına ayrılır. Hazırda iqtisadiyyatın müxtəlif sahələrinə 100 mln ABŞ dolları dəyərində investisiya qoyulmuşdur ki, bu da iqtisadiyyatın müxtəlif sahələri əhatə edir.
Onu da nəzərinizə çatdırım ki, Ermənistanda və Dağlıq Qarabağda eyni bank sistemi və eyni pul vahidi fəaliyyət göstərir. Hər ikisi eyni gömrük sisteminə malikdir. Lakin Dağlıq Qarabağdan idxal və ixrac olunan məhsullar birbaşa xəzinəyə daxil olmur. Son illər Ermənistan bankları kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı kredit vermə siyasəti həyata keçirir və öz ipoteka bazarını genişləndirir.
Dağlıq Qarabağda mövcud olan banklar köhnə bank sistemi ilə yəni, “VTB Armeniya” bankı fəaliyyət göstərir. Bununla yanaşı Western Union və Money Gram pul köçürmələri də fəaliyyətdədir.
“Ardaşınınvestbank” QSC-nin 4 filialı burada fəaliyyət göstərir. 2008-ci ilin birinci rübündə QSC-nin aktivləri 345 mln ABŞ dolları olmuşdur. Tələb olunan məbləğ isə 278 mln ABŞ dollarıdır. Bankın Ermənistanda 49 filialı fəaliyyət göstərir. Nümayəndəliyi isə Paris şəhərində yerləşir.
Aqrar sahə Dağlıq Qarabağda tarixən inkişaf etmiş və ixtisaslaşmış sahələrdən hesab olunur. Hazırda aqrar sektor ÜDM-in 15,7%-ni verir.
1994-1995-ci illərdə kolxoz və sovxozlar ləğv edildi və kənd təsərrüfatı kooperativlər yaradıldı. 1998-1999-cu illərdə isə torpaqlar kəndlilər arasında paylandı və hər adambaşı 0,6 ha torpaq sahəsi ayrıldı. Hazırda Dağlıq Qarabağda 15 min fermer qeydiyyata alınmışdır. Kəndlilər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Torpaq vergisi isə il ərzində 3-10 ABŞ dolları arasında dəyişir. 2001-ci ildən isə vergi sistemində gəlirdən alınan vergi 32%-dən 5%-ə endirilmişdir (qeyd edək ki, Azərbaycanda bu göstərici 24%, Ermənistanda isə 25%-dir). Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr isə Əlavə Dəyər Vergisindən azad olunmuşlar.
Dağlıq Qarabağda əsasən şərab və araq istehsalına üstünlük verilir. Araqlar əsasən buğda və meyvələrdən, çaxır və şərablar isə tut, ərik və üzümdən hazırlanır. Ən böyük müəssisələri isə “Qarabağ Gold” və “Arsax Algo” QSC-dir. Bu müəssisələr tərəfindən istehsal olunan məhsulun yalnız 15%-i daxili tələbat üçün istifadə olunur. Yerdə qalan 85% Ermənistana, Rusiyaya, Ukraynaya və ABŞ-a göndərilir. Qeyd edim ki, 2009-2012-ci illərdə Dağlıq Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı plan hazırlanmışdır. Əsas məqsəd isə regionda buğda istehsalının artırılmasına nail olmaqdır.
Dağlıq Qarabağda fəaliyyət göstərən müəssisələr içərisində ən böyüyü dağ-mədən sənayesidir. Son illər dünya bazarında qızılın qiyməti sürətlə artmaqdadır. Mütəxəssislər ehtimal edir ki, belə gedərsə, qızılın 1 unsiyası (33 qram) 1500 dolları keçəcək. Hazırda dünya bazarında qızılın unsiyası 1200 dollara yaxındır.
Azərbaycanın əsas qızıl ehtiyatları olan ərazilər Kəlbəcər və Zəngilan rayonları işğal altındadır. Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda Azərbaycanın altı qızıl yatağının (Gədəbəy, Qoşa, Kəlbəcər, Ordubad bloku) işlənməsi ilə bağlı “R.V.İnvestment” şirkəti ilə saziş bağlamışdır.
Xatırladaq ki, hazırda ləğv edilmiş “Azərqızıl” Dövlət Şirkəti və ABŞ-ın “R.V.İnvestment” şirkəti 1997-ci ildə 25 illiyə, 51+49 nisbətində saziş imzalayıb. Bu sazişdə Azərbaycanın ehtiyatları 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis olan yataqlarının işlənməsini nəzərdə tuturdu. Sazişə əsasən, ABŞ tərəfi layihəyə 500 milyon dollara yaxın sərmayə yatırmalı, bunun 30-40 milyon dollarını kəşfiyyat işlərinə yönəltməli idi.
Ermənistan Azərbaycanın işğal edilmiş əraziləri də daxil olmaqla yeni-yeni yataqlardan qiymətli metalı hasil etməyə çalışır. Hazırda Ermənistanda köhnə qızıl yataqları bərpa edilir, yeni yataqlar işə salınır. İrəvandan cənubda yerləşən Ararat dağlarındakı qızıl yataqlarının hasil edilməsi Rusiya şirkətinə həvalə edilib. Rusiyalı maqnat Sergey Generalovun idarə etdiyi “Madneuli” şirkəti Ermənistanın əsas qızıl yataqlarına nəzarəti ələ alıb. Lakin bu şirkətin nəzarətinə verilən Zod qızıl yatağı mübahisəlidir. Zod qızıl yatağının bir hissəsi Kəlbəcər rayonu ərazində yerləşir. Məlumatlara görə, ermənilər qanunsuz olaraq işğal edilmiş Kəlbəcər ərazisində də qızıl hasil edirlər. Azərbaycan tərəfi Zod yatağının “Madneuli” şirkəti tərəfindən alınmasına rəsmi etiraz edib. Yataqdan qızıl emalı üçün istifadə edilən sianid turşusu isə ətraf çaylara axıdılır. Bu da regionun ekoloji durumuna mənfi təsir edir.
Bununla yanaşı “Beyz Metls” zənginləşdirici mis kombinat fəaliyyət göstərir. Kombinat 150 min ton polimetal filizin dağdan çıxarılması və istismarı məqsədilə yaradılmışdır. Burada son 4 ildə planlaşdırılandan da artıq 320 min ton polimetal filizi çıxarılmışdır. Gələcəkdə isə ildə buradan 400 min ton çıxarılması planlaşdırılır. Polimetal-filiz saflaşdırıldıqdan sonra qızıl halına salınır və Avropa bazarına göndərilir. Kombinatın hazırda 1200 işçisi var.
“Global Gold” şirkəti də işğal olunmuş Kəlbəcər rayonunda zavod quraşdırıb. Lakin bu zavod haqqında kifayət qədər məlumat əldə edə bilmədik.
Bu müəssisələrlə yanaşı İran erməniləri Şuşada polietelin trubalar istehsalını Almaniya və Suriya şirkətləri ilə birgə istehsal edir. Bu sahədə “Karin” QSC investisiyaların köməyi ilə öz istehsal gücünü artırmışdır. İsveçrənin “Frank Müller” tikinti şirkəti Xankəndində Qarabağ mehmanxanasını tikmişdir. Livan sahibkarı isə 10 mln ABŞ dolları dəyərində mobil telefon əlaqəsi üçün stansiyalar quraşdırır.
Dağlıq Qarabağın elektrik enerjisinin təminatının əsasını Sərsəng SES verir. Lakin bu ümumi tələbatın yalnız 45%-ni ödəyir. Qalan hissə isə Ermənistandan gəlir. Bu baxımdan yeni proqramın qəbul olunması gözlənilir. Proqrama əsasən 25 yeni SES-nin tikintisi nəzərdə tutulur.
İqtisadiyyatın ən gəlirli sahələrdən biri hesab olunan turizm sferasının inkişaf etdirilməsi də nəzərdə tutulur. Bu məqsədlə turizm industriyasına 2007-ci ildə 655 min ABŞ dolları, 2008-ci ildə 2 mln 857 min ABŞ dolları vəsait ayrılmışdır. Erməni diasporu əsasən İsveçrənin “Sirkap Armeniya” şirkətinin köməyi ilə 1,5 mln ABŞ dolları dəyərində bir neçə mehmanxana və otel tikdirmişdir. Hazırda Dağlıq Qarabağda 20 müstəqil otel, Xankəndində isə 10 mehmanxana fəaliyyət göstərir. Regionda “Stepanakertur” və “Asapar” turizm şirkətləri fəaliyyət göstərir. Bura gələn turistlərin əksəriyyəti ABŞ, Fransa, Kanada, Rusiya, Almaniya dövlətlərdəndir. Bununla yanaşı Böyük Britaniya, Avstriya, Suriya, Yaponiya, İsrail və digər dövlətlərdən də turist axını olur.
Ümumiyyətlə ölkəyə gələnlərin 80%-i məhz turizm məqsədilə gəlirlər. 2005-ci ildə Dağlıq Qarabağda 60 ölkədən 5 min turist gəlmişdir. Bu da 1 min ABŞ dolları gəlir deməkdir.
Dağlıq Qarabağdan əsasən ixrac edilən məhsullar: qızıl, mis, şərab, araq, konserv məhsulları və xalçalardır. Bu məhsullar əsasən ABŞ-a, Avropa dövlətlərinə və Rusiyaya ixrac olunur.
Bütün bu qeyd etdiyimiz faktlar ermənilərin apardıqları çirkin və işğalçı siyasətlərinin nəticəsidir. Hazırda bizi düşündürən bir sual var, ermənilərin Azərbaycan torpaqlarında apardıqları qeyri qanuni fəaliyyət və özbaşınalıq nə qədər davam edəcək?


İmrani Zaur
Azərbaycanda Regional İnkişaf Mərkəzinin icraçı direktoru