“Foreign Policy News”: “Azərbaycanda Xocalı qırğınının ildönümü qeyd olunur”

Amerikanın “Foreign Policy News” analitik xəbərlər saytı “Azərbaycanda Xocalı qırğınının ildönümü qeyd olunur” sərlövhəli məqalə dərc edib…

 

Amerikanın “Foreign Policy News” analitik xəbərlər saytı “Azərbaycanda Xocalı qırğınının ildönümü qeyd olunur” sərlövhəli məqalə dərc edib.

 

Məqalədə 1992-ci il fevralın 26-na keçən gecə azərbaycanlıların yaşadıqları Xocalı şəhərində 613 nəfər dinc vətəndaşın kütləvi surətdə qətlə yetirilməsindən bəhs olunur. Müəllif yazır ki, Xocalı faciəsinin ildönümü hər bir azərbaycanlı üçün, həmçinin Azərbaycan rəhbərliyi üçün çox üzücü hadisədir. Məqalədə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımı ilə əlaqədar sərəncamlar verir və Bakının mərkəzində Xocalı qurbanlarına ucaldılmış abidəni ziyarət edir. Əlində öldürülmüş övladını tutan bu üzgün çöhrəli qadın abidəsi uşağını itirmiş, amma özü salamat qalmış Xocalı qurbanını, yaxud ananın (Azərbaycanın) öz övladını (Xocalını) itirməsi faciəsini əks etdirir”. Müəllif yazır: “Təfsir müxtəlif olsa da, bir şey aydındır ki, bu faciənin ildönümü azərbaycanlılar üçün çox kədərli gündür”.

 

Daha sonra məqalədə Xocalının işğalınadək şəhərin həyatı barədə ətraflı məlumat verilir. Dinc sakinlərin guya Azərbaycan hərbçiləri tərəfindən kütləvi surətdə qırılması və Xankəndinin Azərbaycan silahlı dəstələri tərəfindən bombardman edilməsi barədə həm də ermənilərin əks arqumentlərindən yazan müəllif qeyd edir ki, hadisələrin erməni versiyası həqiqətə uyğun deyildir, belə ki, blokadada yaşayan bir şəhər heç vaxt düşmənə hücum edə bilməz, müdafiə olunmaq üçün silahdan istifadə edə bilər.

 

Daha sonra Xocalıdan kənarda dinc sakinlərin qətlə yetirilməsi və onların cəsədlərinin eybəcər hala salınması faktı göstərilir və qeyd edilir ki, bu, bir növ Qarabağın azərbaycanlı əhalisinə qarşı psixi hücum olub.

 

Sonda müəllif yazır ki, 1994-cü ildən Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır və tanınmamış qurumdur. ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması yollarını axtarmaqda davam edir.

/Sia/