APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib. O bildirib ki, hazırda həmin müqavilələr üzərində iş aparılır.
Səfir Fransanın sənaye, nəqliyyat, informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb, əlavə edib ki, səfər çərçivəsində Fransa-Azərbaycan biznes-forumu keçiriləcək: “Biznes-forumda prezidentlə birlikdə Azərbaycana səfər edəcək bir sıra nazirlər də iştirak edəcək. Biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaq niyyətindəyik. Bununla bağlı Azərbaycanda bir neçə nazirlə müzakirə aparmışıq. Bundan əlavə, kənd təsərrüfatı, nəqliyyat sahəsi üzrə dəyirmi masa təşkil etmək istəyirik. Fransa kənd təsərrüfatı ölkəsidir. Kənd təsərrüfatı bir növ “yaşıl neft” hesab olunur və bu, Azərbaycanın gələcəyi üçün çox vacibdir. Nəqliyyat sahəsinə gəlincə, bizim metro, dəmiryolu sahəsi üzrə bir sıra layihələrimiz var. Ətraf mühit, su texnologiyaları üzrə də müzakirələrin aparılması planlaşdırılır. Biz istəyirik ki, Azərbaycanda əhali Avropa standartlarına uyğun 24 saat ərzində su ilə təmin olunsun. Bu məqsədə nail olmaq üçün “Azərsu”nu əməkdaşlığa cəlb edəcəyik “.
P. Mönye Fransanın enerji sahəsində təcrübəyə malik olduğunu və bu istiqamətdə Bakıda müzakirələrin aparılacağını bildirib: “Bizim bu sahədə təcrübəmiz, bir sözlə, iki ölkə arasında müzakirə olunacaq məsələlər çoxdur. Fransa investorları üçün Azərbaycanda turizm sahəsi də çox maraqlıdır. Biz Azərbaycandan daha çox tələbəni Fransada təhsil almaq üçün cəlb etmək niyyətindəyik”.
/Apa/