“Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə “də dəyişikliklər edildi

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Fərman imzalayıb…

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Fərman imzalayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324, № 10, maddə 849; 2008, № 7, maddə 612, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 10, maddə 851; 2011, № 2, maddə 85; 2012, № 9, maddə 856) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.13-2-ci və 8.13-3-cü yarımbəndlər əlavə edilsin:
“8.13-2. tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparmaq;
8.13-3. tabeliyində olan olimpiya idman komplekslərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;”.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, birgə hesablamalar əsasında, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə hər il dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün zəruri tədbirlər görsün.
3. Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazidə fəaliyyət göstərən dövlət olimpiya idman komplekslərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin “.

Milli.Az