Gənclər təşkilatı internat məktəblərində təlim kursları keçirdi

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə icra edilən “Addım-Addım” layihəsi çərçivəsində keçirilən təlim kurslarına yekun vurur. “Addım-Addım” layihəsi internat məzunlarının adaptasiyası üçün preventiv psixo-sosial və ictimai dəstək proqramıdır. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbində, 11 saylı inteqrasiya təlimli internat məktəbində, 8 nömrəli sanatoriya tipli internat məktəbində, E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı internat məktəbində, Sumqayıt şəhərində yerləşən fars-ingilis təmayüllü orta internat məktəbində iki günlük təlim kursları təşkil edildi. Təlimlərə ümumilikdə 200 nəfər yeniyetmə və gənc cəlb edilmişdir. Mərkəz bu layihə ilə internat məktəblərindən məzun olacaq valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsini, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində tutarlı işlər aparmışdır.

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi internat məzunlarının sosial adaptsiyasına dəstək istiqamətində fəaliyyətlərini davam etdirməkdədir. Bu məqsədlə Mərkəz tərəfindən ictimai dəstək aksiyası da keçirilir. Aksiya çərçivəsində sosial şəbəkədə dəstək qrupu yaradılmışdır.