Gərəkli qəzetin yüzüncü sayı

“Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin 100-cü sayı çapdan çıxmışdır…

 

 

“Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin 100-cü sayı çapdan çıxmışdır

 

“Qarabağ həqiqətləri “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetində” mövzusunda “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin (AMMKHM İB) Dəyirmi Masası adı çəkilən qəzetin 100-cü sayının çapdan çıxması ilə bağlı keçirilmişdir.

İB-nin sədri pofessor Nadir Abdullayev tədbiri giriş sözü ilə açaraq adı çəkilən qəzetin 9 il bundan əvvəl təsis edilməsi zərurətini yaratmış amilləri xatırlatmış, ötən müddət ərzində onun fəaliyyət istiqamətlərindən danışmışdır. O, qeyd etmişdir ki, nəfis şəkildə rus və ingilis dillərində buraxılan bu mətbu orqan dünyanın 60-dan artıq ölkəsində yayılmaqla Azərbaycanın haqq işinin, Qarabağ düyününün əsl mahiyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması missiyasını daşıyır. Sədr vyrğulamışdır ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinin iki onillikdən artıq bir vaxtda uzanması və dalana dirənməsi şəraitində belə samballı bir qəzetin buraxılması Azərbaycanın müasir dünyada gedən informasiya müharibəsi cəbhəsimdə qalibiyyətə nail olmaqda mühüm əhəmiyyət kəsb edir.

Yuxarıda göstərilən mövzuda məruzə ilə çıxış etmiş “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin redaktoru Qədir Nəsirov qeyd etmişdir ki, bu qəzet 2004-cü ildə Azərbaycanda Vətətndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanov tərəfindən təsis edilərkən qarşıya Azərbaycanın haqq işinin, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində yaxından iştirak etmək məqsədi qoyulmuşdur. Ermənistanın Azərbaycan torpaqlarının beşdə bir hissəsini qəsb edərək bu günədək işğal altında saxlaması, bir milyondan artıq soydaşımızın öz evindən, yurd-yuvasından didərgin düşməsi, ölkəmizə və vətəndaşlarımıza ölçüyəgəlməz maddi, mənəvi, cismani ziyanlar vurulması fonunda müasir informasiya müharibəsində fəal iştirak baxımından bu, olduqca vacib bir addım idi. Qəzetin rus və ingilis dillərində nəşr oluması ideyası da məhz həmin məqsəddən irəli gəlmişdir. Mətbu orqanın kollektivi onun birinci nömrəsindən başlayaraq ta 100-cü sayınadək hər sayında qarşıya qoyulmuş məsuliyyətli və heç də asan olmayan vəzifə çərçivəsində işləməyə səy göstərmişdir.

Məruzəçi qeyd etmişdir ki, qəzetin səhifələrində “Azərbaycan”, “Qarabağ”, “Siyasət və cəmiyyət”, “Qarabağ müharibəsi”, “Azərbaycanın işğal olunmuş əraziləri”, “Tarix və ermənilik”, “Erməniliyin fəsadları”, “Dünya və ermənilik”, “Azərçaycanlıların soyqırımı”, “Xocalı”, “Azərbaycanın Milli Qəhrəmanları”, “Azərbaycan tarixinin şanlı səhifələri”, “Tarixin qara səhifələri”, “Qanlı yaddaş”, “Erməni terrorizmi” və sair rubrikalar altında əsas etibarı ilə Azərbaycanın gerçək tarixi, xalqımızın mədəniyyəti, adət-ənənələri, görkəmli şəxsiyyətləri, Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, tarixi və ağır nəticələri, elan olunmamış və artıq 25 ilə yaxindır ki davam edən müharibənin ölkəyə və onun vətəndaşlarına vurduğu ziyanlar, erməni silahlı quldur dəstələri tərəfindən qaçqın və məcburi köçkünə çevrilmiş günahsız insanların acı taleyi, ermənilərin naqis xüsusiyyətləri, o cümlədən onların anadangəlmə torpaq hərisliyi və qan tökmək də daxil olmaqla mifik “Böyük Ermənistan” yaratmaq xülyasıyla müxtəlif üsullarla başqalarının ərazilərini mənimsəmək xisləti, dünyada mövcud olan onlarla erməni terror təşkilatları və onların azərbaycanlılara və türklərə qarşı törətdikləri saysız-hesabsız terror aktları və sair mövzularda materiallar yer almışdır.

Q.Nəsirovun sözlərinə görə, qəzetin səhifələrində ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək cəhdlərinə dair bir neçə tarixi sənədlərə, həmçinin sonuncu Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri sənədlərə, həmin münaqişənin nizamlanması üzrə aparılan danışıqlar prosesinin gedişinə, nizamlanmaya vəkil edilmiş ATƏT-in Minsk Qrupunun uzunmüddətli və səmərəsiz fəaliyyətinə, dünya ictimaiyyətinin və bir çox beynəlxalq təşkilatın münaqişə tərəflərinə ikili standartlarla, bəzənsə tamamilə ədalətsiz yanaşmasına dair materiallara xüsusi yer verilmişdir.

Q.Nəsirov vurğulamışdır ki,ölkədə Azərbaycanın haqq işinin, Qarabağ münaqişəsinin gerçək səbəblərinin təbliğinə yönəlmiş xüsusi təyinatlı əcnəbi dilli yeganə mətbu orqan olan bu qəzetin hər sayı respublikanın rəhbər orqanlarına, nazirlik və dövlət komitələrinə, ali təhsil müəssisələrinə, qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin ölkəmizdəki səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, həmçinin Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycanın xaricdəki səfirliklərinə yayılır, qəzetin hər sayı xysusi nümayəndə vasitəsi ilə Amerikanın Stenford Universitetinin kitabxanasına, eləcə də yayım məqsədi ilə Amerikada, Rusiyada və bir sıra başqa ölkələrdəki diaspora təşkilatlarımıza göndərilir. ABŞ-da yaşayan, Azərbaycanın haqq işi uğrunda yorulmaz mübarizə aparan, ermənilərin naqis əməllərini və saxtakarlıqlarını ifşa edən bir neçə kitabın müəllifi olan Bakı gürcüsü Feliks Sertsivadze həm də sözügedən qəzetin Amerikada çox fəal yayıcısıdır. Rusiyanın Sankt-Peterburq şəhərindəki “Smolnıy Universitet” təhsil konsorsiumunun prezidenti, “Sankt-Peterburqun Azərbaycan diasporu” Regional İctimai Birliyinin sədri Heydər İmanovun tapşırığı ilə sədrin müavini Sabir Məsimov İctimai Birlikdə olmuş, bununla da qəzetin Sankt-Peterburq şəhərində yayılması işinə başlanmışdır. Bunlarla bərabər, qəzetin hər sayının materialları İctimai Birliyin www.azerbaijanfoundation.az internet saytında yerləşdirilir.

Məruzəçi qeyd etmişdir ki, redaksiya vaxtaşırı olaraq istər soydaşlarımızın, istərsə də düşmən tərəfin qəzetlə bağlı reaksiyası ilə rastlaşır. Birincilərin müsbət rəyləri, xoş diləkləri, təbii ki, məmnunluq hisslərinə səbəb olur. Misal üçün, Azərbaycanın Kanadadakı keçmiş səfiri Fəxrəddin Qurbanovun (hazırda Böyük Britaniyada səfirdir), Misirdəki keçmiş səfiri Faik Bağırovun (hazırda Türkiyədə səfirdir), Macarıstandakı keçmiş səfiri Həsən Həsənovun, Türkmənistandakı səfirinin və başqalarının qəzet haqqında yazdıqları və dedikləri rəylər bu qəbildəndir. İkincilərin onların iç üzünü açan qəzet barəsində hansı münasibətdə olacaqları, şübhəsiz, hamıya aydındır. Bu isə, təbii ki, yazıların onlara təsirindən irəli gəlir. Bəzən başqa cür reaksiyalar da olur. Misal üçün, “Noyev Kovçeq” adlı erməni müstəqil beynəlxalq analitik-informasiya qəzeti vardır və bu qəzet vaxtaşırı olaraq “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetindən materiallar dərc edir, özü də heç bir düzəliş-filan etmədən. Aydındır ki, bu, ermənilərin məlumatlandırılması və bizə qarşı daha barişmaz mövqe tutması məqsədi ilə edilir. Ancaq bəzən bir qədər qəribə hallara da rast gəlinir. Misal üçün, adı çəkilən orqanın bir sayında Qədir Nəsirovun müəllifi olduğu “Ходжалы – самая страшная трагедия прошлого века” sərlövhəli məqaləsinin başlığına qəzet böyük hərflərlə “АРМЯНСКИЙ ФАШИЗМ и Хроника трагедии” yarımbaşlığını əlavə etmişdi.

Bunlarla yanaşı Q.Nəsirov təəssüflə yuxarıda qeyd olunmuş məqsəd çərçivəsində əlverişli təbliğat vasitəsi olan “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetindən lazımınca yararlanmadığımızı da qeyd etmişdir. Məsələ burasındadır ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, diaspor təşkilatlarımızın əksər çoxluğu bu qəzeti alıb yaşadıqları ölkədə yaymaq məsələsinə inanılmaz laqeydlik nümayiş etdirirlər. Halbuki bu, cüzi poçt xərcinə başa gələn bir işdir. Azərbaycan Respublikası Diasporla İş üzrə Dəvlət Komitəsinin bu sahədə köməyinə ciddi ehtiyac vardır. Ümummilli işimizin uğuru naminə hər bir azərbaycaylı bu istiqamətdə fəal olmalı, var qüvvəsindən istifadə etməlidır.

Müzakirələrdə çıxış edənlər – Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri Təhmasib Novruzov, İnsan Haqları üzrə İctimai Şuranın sədri Ənvər Qafarlı, Qarabağ Ağsaqqallar Şurasının sədri Asif Məmmədov, Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondunun prezidenti professor Namiq Axundov, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamıl Sabiroğlu, Qarabağ Azadlıq Təşkilatının nümayəndəsi Nəsir Cəfərov, yazıçı-tədqiqatçı Xəqani İsmayıl, Laşın rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Yaqut Cabbarlı, Vətəndaşların Sosial Rifahı İctimai Birliyinin sədri İradə Rizazadə və başqaları “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin 100-cü sayının çapdan şıxması ilə əlaqədar İctimai Birliyin və qəzetin əməkdaşlarını təbrik etmiş, bu mətbu orqanın Ermənistan-Azərbaycan münaqişəsiylə bağlı müasir informasiya müharibəsində çox böyük rol oynadığını qeyd etmiş, arzu və təkliflərini bildirmişlər.

Tədbir iştirakçılarına “Qolos Karabaxa”-“Voice of Karabakh” qəzetinin 100-cü sayı paylanmışdır.