Gecə evimizdəki səssizlik pozuldu. Atam təngənəfəs evə girdi və dedi ki, qalın örtük, yorğan-döşək nə varsa verin. Nə oldugunu kimsə analmadı, ağlımıza gələn tək şey bu oldu ki, yəqin atam hər zamankı kimi yenə əsgərlərə yardım edir. O dönəm çox qarışıqlıq idi. Yerli camaat əsgərlərə ərzaq, isti corab və geyim aparırdı…
Gecə evimizdəki səssizlik pozuldu. Atam təngənəfəs evə girdi və dedi ki, qalın örtük, yorğan-döşək nə varsa verin. Nə oldugunu kimsə analmadı, ağlımıza gələn tək şey bu oldu ki, yəqin atam hər zamankı kimi yenə əsgərlərə yardım edir. O dönəm çox qarışıqlıq idi. Yerli camaat əsgərlərə ərzaq, isti corab və geyim aparırdı.
Ağdam hadisələrin cərəyan etdiyi qaynar nöqtə idi. Bakıdan sonra və son dönəmlərdə isə paytaxdan əvvəl belə, bütün olaylar Ağdamdan idarə olunurdu…
Atamdan nə baş verdiyini soruşduq. Dedi ki, Xocalıda milləti qırıblar. Qaçıb canını qurtaranlar məscidin yanındadır. Meyitlər də gətirilir. Bunu dedi və hönkür-hönkür ağladı. Hər zaman güclü gördüyüm, ağladığına şahid olmadığım adamın göz yaşlarından bəlli oldu ki, durum onun söylədiyindən də pisdi.
Sonra anama “üstünü qalın geyin, sən də gəl” dedi. “Qadın, uşaq var, yardım edərsən, bəlkə evə gətirə bilirik”.
Bizi evdə qoyub çıxdılar. Səhərə yaxın 1 qadın 2 uşaqla evə döndülər. Halsız, danışmağa gücü olmayan Güldəstə adlı qadın və iki azyaşlı uşaq idi. Qadın tir-tir əsirdi. Anam onlara yemək verib, uşaqları geyindirdi, isti yatağa uzatdı. Ağlamqdan gözləri şişmişdi. Dedi ki, millətə zülüm olub. Qonum-qonşu hamı ayaqda idi. Amma Güldəstənin ayaqları elə şişmişdi ki, onu evə qucaqda gətirmişdilər.
Onları iki gün sonra apardılar. Güldəstənin ayaqların kəsəcəkdilər. İki azyaşlı övladı ilə canını qurtaran qadın ayaqlarını xilas edə bilməmişdi. Onun xilas etmədiyi təkcə ayağı deyildi. Xocalıdan Ağdama gələnə qədər, meşədəki qar-şaxta ondan bir övladını, həyat yoldaşını, qardaşını, atasını, qaynanasını və çoxlu qohum-əqrəbasın almışdı.
Güldəstə deyirdi ki, yolda azacıq dayanıb nəfəs almaq istəyiblər, arxaya dönəndə görüb ki, həyat yoldaşını don vurub. Bir saat sonra isə qardaşı donaraq ölüb. Sıra ilə atası, qaynanasını da meşədə don vurub. Ən acınacaqlısı isə arxasına bağladıgı 3 yaşında körpəsinin ölməsi olub. Ağdama qədər donaraq ölmüş körpəsini açıb yerə qoymayıb. Onu Ağdam məscidinə təhvil verib.
İndi Güldəstə hardadır, necədir bilmirəm, bu qədər acı və itirdiyi ayaqla həyata davam edir, ya etmir onu da bilmirəm. Bakıda olanda maraqlandım, kimsədən doğru cavab ala bilmədim. İki ayağını da meşədə donduran qadın o dəhşətli gecədən xilas etdiyi iki övladını necə böyütdü, ondan da xəbərim yoxdu. Yəqin ki, elə hər kəs kimi…
Yaqin ki, onun övladlarına da “Xocalı qaçqını” deyərək ianə verən olub. Qapısının önündə yardım maşını dayanıb və kif basmış ərzaqlardan pay alaraq böyüyüblər. Soyqırımı dəhşətinin bir başqa üzünü də paytaxta və ya sığındıqları bir köşədə çəkiblər. Onun övladları da ağlı topuğundan aşağı insanların “mən sənin üçün qaçqınam?” ifadəsini eşidib. Amma Güldəstə erməni vəhşiliyindən qurtardığı ovladlarının bu acısını görəndə nə dizinə döyə, nə ayagını qucaqlayıb aglaya bilib…
O ayaqlarını meşədə qoyub gəlib. Əslində, o zaman Agdamdakı qaynarlığı, insanların gözündəki qana-qan ifadəsini, əzimkarlığı görəndə elə biliridm ki, dünya yerindən oynayacaq. Millət olaraq qanımız qaynayacaq və bu faciənin acısını Xocalını geri alaraq odəyərik. Amma əksinə, o gün insanların ruhunu da Güldəstənin ayağı kimi don vurdu. Başlar ayaq, ayaqlar da baş oldu. Ona görə Xocalıları bağrına basan Ağdam da işğal olundu. Ora sığınan ayaqsız Güldəstə yenidən qaçdı, yox qaçmadı bu dəfə onu əlil arabası ilə isti maşında paytaxta götürdülər. Bu dəfə bədənimiz isti, ciyərimiz buz kimi oldu. Zamanla ciyərsizləşdik.
İndi hər il Xocalıya il veririk. Mən də içində olmaqla hamı pafoslu danışır, kimlərisə qınayır və s. Baxın, bu gün su çərşənbəsidir, sabah Xocalı qətliamı. Bu gün üzərinizə su tökün ki, sabah Xocalı ilə baglı kadrlar nümayiş etdiriləndə sizi yandırıb yaxmasın. Çünki 27 fevralda həyat davam edəcək, bir illik tətilə çıxıb soyqırımının yeni ildönümünü gözləyəcəyik…
Güldəstənin uşaqları böyüyüb. Fiziki olaraq boy atıb, yaş üstünə yaş gəlib. Amma həmkarım Günel Musa demişkən, biz müharibə uşaqlarıyıq. Elşad Eyvazlıdan sitat gətirsəm, Xocalı faciəsini görənlər “Böyüməyən uşaqlar”dır. Onlar nə qədər böyüsələr də ruhları, agılları o qarlı meşədə qalıb. Onlar üçün həyat 1992-ci il fevralın 26-da donub… O donu açmaq üçün Güldəstənin ayağının çıxmasını gözləməyək. Çünki o ayaq Xocalıda qalıb…
Məhsəti Şərif
/Modern.az/