Georgi Marqvelaşvili yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləyib…
Georgi Marqvelaşvili yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləyib.
Fevralın 13-də Qax rayonuna gələn Gürcüstan prezidenti Georgi Marqvelaşvili əvvəlcə Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ali qonağın diqqətinə çatdırılıb ki, XVIII əsrin sonlarında inşa edilən bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Prezident Georgi Marqvelaşvili kilsədə şam yandırıb, ianə verib, abidənin həyətində kənd sakinləri ilə görüşüb, yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləyib.
Sonra Gürcüstan prezidenti “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü əhalisi ilə görüşüb. Ali qonağa bildirilib ki, geniş turizm potensialına malik olan Qax rayonunda son illər turizm infrastrukturunun yaradılması istiqamətində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “El Resort” oteli də belə turizm obyektlərindən biridir.
Konfrans zalında gürcü ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident Georgi Marqvelaşvili Qax rayonuna səfərindən, gürcülərlə görüşündən məmnun qaldığını bildirib, rayon əhalisinin yaşayış səviyyəsinin yüksək olduğunu qeyd edib. Prezident İlham Əliyevlə görüşünün çox səmərəli keçdiyini vurğulayan Gürcüstan prezidenti, yüksək qonaqpərvərliyə görə bir daha Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, bu səfərin ikitərəfli əlaqələrin, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Görüşdə çıxış edən gürcü millətinin nümayəndələri burada Azərbaycanın tam hüquqlu vətəndaşları olduqlarını, heç vaxt ayrı-seçkilik hiss etmədiklərini, rahat, əmin-amanlıq şəraitində yaşadıqlarını bildiriblər.
Bildirilib ki, Qax rayonunda 7 min nəfərdən artıq gürcü yaşayır. Rayonda milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 11 mədəniyyət müəssisəsi, 1 sahə xəstəxanası, 2 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Gürcü Dövlət Dram Teatrı fəaliyyət göstərir. Rayonda yaşayan digər xalqlar kimi, gürcülər də Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini ürəkdən bəyənir və dəstəkləyirlər.
Görüşdə Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonra Gürcüstan prezidenti gürcülərin yaşadığı Meşəbaş kəndinə gəlib, yeni tikilmiş məktəb binası ilə tanış olub. Ali qonağın diqqətinə çatdırılıb ki, kənd məktəbinin binası 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Zəlzələdən zərər çəkmiş digər məktəblər kimi, Meşəbaş kənd məktəbi üçün də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qısa müddətdə hər cür şəraiti olan yeni bina tikilib istifadəyə verilib. Diqqətə çatdırılıb ki, binanın bir korpusunda kəndin uşaq bağçası da fəaliyyət göstərir.
Gürcüstan prezidenti məktəbin sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub, uşaq bağçasında tərbiyə alan balacalarla görüşüb. Məktəbin müəllimləri və valideynlər kənddə belə gözəl təhsil ocağının binasının istifadəyə verilməsini Azərbaycan və gürcü xalqları arasında əbədi dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildiriblər.
/oxu.az/