Həsən Firuzabadi: İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq iki ölkənin rifah və sabitliyi üçündür

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi ilə görüşüb…

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi ilə görüşüb.

Trend İranın Fars xəbər agentliyinə istinadən məlumat verir ki, görüşdə H.Firuzabadi deyib ki, Azərbaycan hərbi sahədə ehtiyaclarının bir hissəsini İran müdafiə sənayesinin istehsalı olan məhsullarla təmin edir: “Biz qonşu, müsəlman və eyni məzhəbdən olan Azərbaycanla əməkdaşlığa hazırıq və İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın iki ölkənin rifah və sabitliyi üçün olduğunu elan etdik “.

Onun sözlərinə görə, İran öz xarici siyasətində müsəlman və qonşu ölkələrlə hərtərəfli və dostluq əlaqələri qurmağa üstünlük verir: “Cənab Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha tez inkişaf etdirilməsi üçün imkan yaratdı. Bizim hələ ümummilli lider Heydər Əliyevin dövründən əlaqələrimiz dərin və dostcasına olub “.

Baş Qərargah rəisi deyib ki, ötən 10 il ərzində dəfələrlə iki ölkənin müdafiə nazirlərinin görüşləri olub və əməkdaşlıq proqramları həyata keçirilib: “Bugünkü görüşdə hərbçilərin təlimi, dostluq görüşlərinin təşkili, Azərbaycan Ordusu üçün texnika və silahların təmini kimi məsələləri müzakirə etdik “.

H.Firuzabadi bildirib ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran istehsalı olan silah-sursatlarla və digər texnikalarla yaxından tanış olub və müəyyən razılıqlar əldə edilib.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Tehrana ikigünlük səfəri ötən gün başlayıb. Z.Həsənov ötən gün İranın müdafiə naziri, general Hüseyn Dehqanla görüşüb və ikitərəfli əlaqələrin inkişafına dair ilkin müzakirələr aparıb. İki ölkənin müdafiə nazirlərinin müzakirələri bu gün də davam etdiriləcək.

 

/trend/