İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalı Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatı Sammitinin çağırılması təşəbbüsündən yazır

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında “Azərbaycan Prezidenti COVID-19 pandemiyası ilə əlaqədar Qoşulmama Hərəkatı Sammitinin çağırılması təşəbbüsünü irəli sürüb” sərlövhəli məqalə dərc edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlamasına istinadla qeyd olunub ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcək. Qeyd olunub ki, Qoşulmama Hərəkatına 120 dövlətin üzv olduğu nəzərə alınaraq, Zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında keçiriləcək. BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu Zirvə görüşündə iştirak edəcək.

Sonda vurğulanıb ki, Azərbaycan hökuməti COVID -19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səyləri dəstəkləmək məqsədilə könüllü əsasda Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı cavab tədbirləri fonduna 5 milyon ABŞ dolları dəyərində könüllü maliyyə ianəsi edib.

Məqalənin tam mətni ilə http://una-oic.org/page/public/news_details.aspx?id=294926  linkindən tanış olmaq mümkündür.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkənin milli xəbər agentliklərini birləşdirən UNA 1972-ci ildə təsis olunub. Əsas məqsədi İslam ölkələri arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq olan UNA üç dildə – ərəb, ingilis və fransız dillərində xəbərlər yayır. AZƏRTAC Birliyin İcraiyyə Şurasının 12 üzvündən biridir.

AZƏRTAC