“Mən döyüşmüşəm, sağlamlığımı itirmişəm. Xalqın gözü tərəzidir”…
“Mən döyüşmüşəm, sağlamlığımı itirmişəm. Xalqın gözü tərəzidir”.
Keçmiş döyüşçü İbad Hüseynov son günlər mətbuatda onun haqqında yazılanlara aydınlıq gətirib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, keçmiş döyüşçünün rəsmi Facebook səhifəsində bildirdiyinə görə, bu gün Xocavənd və Beyləqan ərazisində bayraqlar məhz onun sayəsində dalğalanır.
“O səngərlər mənim qanım bahasına qazılıb”- deyən İbad Hüseynov Monte Melkonyanı öldürməsi ilə bağlı məqama da toxunub:
“Monte hələ də bəzilərini narahat edir. Onların yerinə sadəcə utanıram. Onlar Monteni təbliğ etməkdənsə, öz döyüş yollarından yazsaydılar, daha yaxşı olardı. Mən atdığım addımları, gördüyüm işləri, etdiyim əməlləri danmalıyammı? Anlamıram bu insanları. Melkonyana kimi saysız döyüşlərim, əməliyyatlarım olub. Döyüşdüyüm ərazidə bütün döyüşlərin önündə olmuşam və bütün kəşfiyyatlara da mən getmişəm…. yaralanana qədər…. Mən yaralanandan sonra da müharibə səngiməyə başladı… sonra da atəşkəs elan edildi”. – Hüseynov Facebook-da yazıb.
Keçmiş döyüşçü etiraf edib ki, həmin əməliyyatlarda tək olmayıb:
“Bu əməliyyatlarda mən tək olmamışam, çoxsaylı insanlar olub. Maraqlananları onlarla görüşdürə bilərəm. Yazı yazmaq, özünü reklam etmək asandır…Mən yazı da yazmıram, reklam da etmirəm. Bu gün bizim əsgərlərin dayandığı səngərlər ermənilərin 300 metrində dayanır. Amma o zamanlar ermənilərin 10-15 kilometrində dayanırdıq. Mən narazılıqlara baxmayaraq, səngərləri qazdım və geri dönərkən tank əleyhinə minaya düşdüm və sağlamlığımı itirdim. Bu mövzuda yazanların canı ağrısa heç yazı yazmazlar. Mən döyüşmüşəm, sağlamlığımı itirmişəm. Xalqın gözü tərəzidir”.
Qeyd edək ki, son günlər mətbuatda tanınmış Qarabağ döyüşçüsü İbad Hüseynovun erməni terrorçu Monte Melkonyanı öldürməsinin yanlış informasiya olması ilə bağlı xəbərlər dolaşır.