İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan G-20 sammitinə dəvət aldı…

Azərbaycan G-20 sammitinə dəvət aldı.

Azərbaycan prezidenti İlham Əliyev bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Oxu.Az-ın prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Türkiyənin qarşıdakı ildə G20-yə sədrliyi münasibəti ilə R. Ərdoğana təbriklərini çatdırıb, bunu Türkiyənin beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirib.
 
Prezident İ. Əliyev Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərinə, o cümlədən 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvətə görə minnətdarlığını bildirib və bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın bu qurumun toplantılarına və zirvə görüşünə dəvət olunması bir daha ölkələrimizin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirir.

R.Ərdoğan isə minnətdarlığa görə təşəkkürünü bildirib, sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycanın bu qurumun işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə edib, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

www.oxu.az