İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanını qəbul etdi

Birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmi qeyd edilib…

Birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmi qeyd edilib.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanıHulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, görüş zamanı dövlət başçısının bildirdiyinə görə, Türkiyə Quru Qoşunları komandanı H.Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

Hərbi sahədə əməkdaşlığımızı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən prezident İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu deyib. Dövlət başçısı əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd edib.

H.Akar isə ilk dəfə ölkəmizə 1994-cü ildə səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayıb. Ötən dövr ərzində Bakıda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğulayan H.Akar ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda yüksək təəssürat yaratdığını deyib. 

/oxu.az/