İspaniyanın “Mollet del Vallès” radiosunun dinləyicilərinə Xocalı soyqırımı haqqında məlumat verilmişdir

“Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu” (ALAGD) İctimai Birliyinin sədri və Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) İspaniya təmsilçisi Mahir Qurbanov bu ölkənin Mollet del Vallès şəhərində fəaliyyət göstərən və çoxsaylı dinləyici auditoriyası olan “Mollet del Vallès” radiosunun “Annour la Llum” proqramında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında danışmışdır…

“Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu” (ALAGD) İctimai Birliyinin sədri və Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) İspaniya təmsilçisi Mahir Qurbanov bu ölkənin Mollet del Vallès şəhərində fəaliyyət göstərən və çoxsaylı dinləyici auditoriyası olan “Mollet del Vallès” radiosunun “Annour la Llum” proqramında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında danışmışdır.

Proqramın aparıcısı Karles Penya tərəfindən dəvət olunmuş ALAGD-ın sədri Xocalı soyqırımını tarixi faktlarla izah edərək suallara cavab vermişdir.

M.Qurbanov qeyd etmişdir ki, ermənilərin Azərbaycanın tarixi torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları məhz onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. 1985-ci ildən ermənipərəst Mixail Qorbaçovun keçmiş SSRİ-nin rəhbərliyinə gəlməsi ilə Sovet İttifaqı böyük iqtisadi problemlərlə üzləşmişdir. Məhz o, Sovet İttifaqının dağılmasının səbəbkarıdır. Ermənilər isə onun hakimiyyətə gəlişi ilə öz işğalçı ideyalarını yürütməyə başlamışlar. 1990–cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya daxil olmuşdur. Əsasən erməni quldur dəstələrindən ibarət olan bu ordu Azərbaycan xalqına qarşı terror aktı həyata keçirtmişdir. Həmin vaxtlar Azərbaycan xalqı azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparmışdır. Bu, Azərbaycanın tarixinə “Qara Yanvar” və ya 20 Yanvar faciəsi kimi daxil olmuşdur. Ancaq Sovet İttifaqının dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmişdir və 18 oktyabr -Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

M.Qurbanov bildirmişdir ki, 1991–ci ildə Ermənistan yaranmış çox çətin şəraitdən istifadə edərək Azərbaycanın tarixi torpaqlarına, yəni Dağlıq Qarabağa daxil olaraq təcavüzkar siyasətini həyata keçirtməyə başlamışdır və bizim dədə-baba torpaqlarımız işğal olunmuşdur. Artıq iyirmi iki ildir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri məhz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilərək oradakı azərbaycanlılara qarşı soyqırımı törədilmişdir.

Həmyerlimiz Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində “Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmişdir. Məhz Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində indi dünya ölkələri ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında daha düzgün məlumatlandırılır.

M.Qurbanov vurğulamışdır ki, 1993–cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr hələ də yerinə yetirilməmişdir. Münaqişənin nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.

Radioda mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Karles Penya məhz bir həftə əvvəl bu radioda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında erməni politoloqunun danışdığını qeyd etmişdir. Bu isə Azərbaycan tələbəsinin tarixi faktlarla erməni politoloquna verdiyi həqiqi cavabdır.

ASAIF-in təmsilçisi M.Qurbanov hazırda Barselona Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirir və İspaniyanın “Mollet del Vallès” radiosunda çıxış edən ilk azərbaycanlıdır.

Radioverilişi aşağıdakı linkdən dinləmək mümkündür:

http://www.ivoox.com/programa-annour-26-febrer-2014-audios-mp3_rf_2870705_1.html

 

/Azertac/