“Rusiya Laçını götürəcək, qalan əraziləri qaytaracaq”…
“Rusiya Laçını götürəcək, qalan əraziləri qaytaracaq”.
Mən hesab etmirəm ki, Rusiya Qarabağı özünə götürmək istəyir, çünki bu, Azərbaycanı Rusiyanın əbədi düşməninə çevirərdi. Moskvanın planlarına isə bu daxil deyil.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Miçiqan Universitetinin professoru, ötən əsrin 90-cı illərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak edən Jirayr Libaredyan “168 saat” qəzetinə verdiyi müsahibədə deyib.
Jirayr Libaredyan bildirib ki, Rusiya Ermənistana heç nə borclu deyil. Üstəlik İrəvandan almağa məxsusi nəsə qalmayıb. Rusiya Ermənistanla bağlı istədiyinə nail olub.
“Moskvaya Dağlıq Qarabağı təsir altında saxlamağa imkan verən hansısa aralıq status lazımdır. Bu status elə olmalıdır ki, Rusiyanın Dağlıq Qarabağı Azərbaycandan aldığı konstatasiya olunmasın. Bundan sonra Kreml Azərbaycanla danışıqlar aparacaq, ondan istədiyinin hamısını alacaq, Bakıya nə lazımdır, ona nə lazımdır – müzakirə edəcək… Dəqiq deyə bilmərəm, ancaq mən uzun müddət danışıqlarda iştirak etmişəm, sonra 15 il ərzində bu problemi araşdırmışam və mənə elə gəlir ki, bir məsələ tamamilə aydındır: Rusiya əraziləri qaytaracaq, bununla belə Laçın rayonunu özünə götürəcək və ondan isti su kranı kimi istifadə edəcək” – deyə Libaredyan bildirib.
Qeyd edək ki, Laçın rayonunun statusu Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bütün mərhələlərində ən kritik məsələlərdən biri olub. Vaxtilə tərəflər razılaşmaya yaxın olanda Laçın rayonunun kəndlərinin bir neçəsinin Azərbaycanın nəzarətinə qaytarılması, Laçın şəhərinin və ona bitişik ərazilərin isə Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz kimi qalması variantı müzakirə edilirdi. Lakin Laçın dəhlizində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi şərti mövcud idi.