“Məcburi köçkünlərin məskunlaşması üçün 148 ha torpaq sahəsi ayrılıb “

“Məcburi köçkünlərin məskunlaşdırılması məqsədi ilə qəsəbələrin salınması, həyətyanı və kənd təsərrüfatı ilə məşğul olmaq üçün 2013-cü ildə Bakı şəhərinin Qaradağ rayonunun ərazisindən 13 hektar və Sabunçu rayonunun ərazisindən 15 hektar, Abşeron rayonu ərazisindən isə 120 hektar olmaqla, cəmi 148 hektar torpaq sahəsinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin hazırlanması və naturada sahələrin seçilib müəyyən edilməsi Komitə tərəfindən aidiyyəti orqanlarla birlikdə təmin edilib”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məcburi köçkün düşən və çadır düşərgələrinə müvəqqəti yerləşdirilən məcburi köçkünlərin müvafiq rayonların ərazilərində məskunlaşdırılması məqsədilə ölkə Prezidentinin Fərmanlarından və həmin Fərmanlara müvafiq olaraq Nazirlər Kabinetinin müvafiq Sərəncamlarından irəli gələn qaydada Komitə öz üzərinə düşən torpaq ayrılması ilə bağlı funksiyasını bu günə kimi yüksək səviyyədə yerinə yetirib.

Ərazi vahidləri və inzibati ərazi dairələrinin dövlət reyestri ilə bağlı xəritələrin hazırlanması barədə məlumat verən komitə sədri bildirib ki, Komitə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə əlaqədar bir sıra qanunvericilik və institusional təşəbbüslər hazırlayıb, vahid elektron kartoqrafik əsas, zəruri standartlar və geoportalların hazırlanmasında, yeni nəsil geoxidmətlərin təqdim olunmasında önəmli addımlar atılıb: “Torpaq inzibatçılığı dedikdə torpaq və onunla əlaqəli ehtiyatların mülkiyyət hüququ, qiymətləndirilməsi və istifadəsi haqqında informasiyanın qeydiyyatı və yayılması prosesləri başa düşülür. Komitənin başlıca hədəflərindən biri kimi 2020-ci ilədək Azərbaycanda mükəmməl torpaq inzibatçılığı sisteminin formalaşdırılmasıdır. Dövlət başçısının apardığı siyasətə uyğun olaraq Komitə Aparatının və tabelikdə olan qurumların strukturlarına yenidən baxılmış və müasir tələblərə cavab verən struktur vahidləri formalaşdırılıb. Komitənin Aparatında Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsi yaradılıb”.

/sia.az/