“Əmanətlər bahadır”…
“Əmanətlər bahadır”.
Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması müsbət haldır. Monetar alət olaraq uçot dərəcəsi inflyasiya səviyyəsinə uyğun müəyyənləşdirilir. 2012-ci ildə orta illik inflyasiya səviyyəsinin 1,1 faiz, 2013-cü ildə isə 2,4 faiz olması fonunda uçot dərəcəsinin 5-4,75 faiz civarında saxlanması düzgün olmazdı.
Əslində bu gün uçot dərəcəsi 2-3 faiz civarında olmalıdır. Ancaq görünür, uzun müddət uçot dərəcəsinin 4,75 faiz həddində saxlanması ölkədə inflyasiyanın real səviyyəsinin daha yüksək olduğuna işarədir.
Oxu.Az Mediaforum.az-a istinadən xəbər verir ki, bunu sayta açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.
Qeyd edək ki, aprelin 29-u Mərkəzi Bank 1 may 2014-cü ildən uçot dərəcəsini 4,75 faizdən 4,25 faizə endirib.
Samir Əliyev bildirib ki, Mərkəzi Bankın addımları kredit bazarına cüzi də olsa təsir göstərəcək:
“Çünki hazırda kreditlərin aşağı salınması istiqamətində hərtərəfli addımlar atılır. Bura əmanətlərin faizlərinin aşağı salınmasından tutmuş güzəştli kreditlərin sayının artırılmasına qədər olan fəaliyyətlər aiddir.
Uçot dərəcəsinin aşağı salınması bu prosesə öz töhfəsini verəcək. Ancaq ümumilikdə götürdükdə inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda uçot dərəcəsinin kredit faizlərinə təsiri çox zəifdir.
Bunun əsas səbəbi Mərkəzi Bankın verdiyi mərkəzləşdirilmiş kreditlərin həcminin azlığı və həmin kreditləri ancaq bir qrup bankların əldə etməsidir. Son 3-4 ildə mərkəzləşdirilmiş kreditlərin ümumi kredit qoyuluşunda payı artıb. 2008-ci ildə mərkəzləşdirilmiş kreditlərin payı 3,2 faiz idisə, 2013-cü ildə 20 faiz həddinə çatıb”.
Ekspert qeyd edib ki, Azərbaycan banklarının xaricdən resurs cəlb etmək imkanlarının məhdudluğunu nəzərə alsaq, onların əsas mənbələrinin əmanətlər və mərkəzləşdirilmiş kreditlər olduğunu görərik.
O deyib:
“Əmanətlər bahadır. Deməli, Mərkəzi Bank bu işdə bankları ucuz resursla təmin etməlidir və bu yardımın bütün bankları əhatə etməsinə nail olmalıdır. Bu halda biz uçot dərəcələrində baş verən dəyişikliyin bazara əhəmiyyətli təsiri barədə danışa bilərik”.