Məşhur turizm saytı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib

Mədəniyyət və Turizm Nazirliyi sayta müraciət hazırlayır…

Mədəniyyət və Turizm Nazirliyi sayta müraciət hazırlayır

 

Bakı. Cavid Zeynallı – APA. Mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.

 

APA-nın məlumatına görə, bununla belə, “Dağlıq Qarabağ Respublikası” Azərbaycanın tərkibində qeyd olunub.

 

Funksiyası rus, ingilis, ərəb, fransız və digər dillərdə səyahətçilərə ölkələr, turizm obyektləri və otelləri haqqında məlumat bazası rolunu oynayan saytda qondarma “Dağlıq Qarabağ Respublikası”nın otelləri, turizm imkanları barədə məlumat verilib.

 

Faktla bağlı APA-ya açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin Təbliğat sektorunun müdiri Vüqar Şıxəmmədov bildirib ki, bununla bağlı nazirlik hazırda “Tripadvisor.com” turizm saytına müraciət hazırlayır: “Dağlıq Qarabağın Azərbaycanın tərkibində qeyd edilməsi təqdirəlayiqdir. Bu, Azərbaycan torpaqlarının və ərazi bütövlüyünün tanınması deməkdir. Yalnız saytda xəta ərazinin Dağlıq Qarabağ Respublikası kimi qeyd olunmasıdır. Bir müraciətimizdə bildirəcəyik ki, bu, respublika deyil, düzəliş etsinlər”.

 

Nazirlik rəsmisi onu da qeyd edib ki, həmin saytda qeyd olunan mehmanxanalar Azərbaycan qanunvericiliyinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya almalıdır: “Saytdan xahiş edəcəyik ki, hazırda Dağlıq Qarabağdakı mehmanxanalar lisenziyasız fəaliyyət göstərdiyi üçün onlar həmin saytdan yığışdırılsın”.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə APA-ya bildirib ki, bu məsələ araşdırılır: “Müvafiq diplomatik nümayəndəliyə lazımi təlimatlar verilib”.

/Apa/