Məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kəhrizlərin bərpasına dair layihə həyata keçirilir

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Goranboy rayonunun Sarov kəndində sakinlərin məlumatlandırılması məqsədilə görüş keçiriblər.

BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, görüş iştirakçılarına Beynəlxalq Miqrasiya Təşkilatı, onun ümumi missiyası və təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Tədbirdə BMqT-nin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində görülən işlərdən danışıblar. İcma üzvlərinə layihənin mərhələləri (kəşfiyyat-qazma, su nümunələrinin təhlili, texniki qiymətləndirmə, kəhrizin bərpası, suyun paylanması və sair) barədə də məlumat verilib.

Kənd sakinlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün su istifadəçi komitələrinə doqquz nəfər üzv seçilib. Görüşün sonunda icma üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Dördillik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən səkkiz mindən çox ailənin təhlükəsiz və davamlı su ilə təmin edilməsi məqsədi daşıyır.

AZƏRTAC