Manuçöhr Mottəki: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyirik”

İranın sabiq xarici işlər naziri, prezidentliyinə namizəd Mənuçöhr Möttəki ölkənin Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerli ictimaiyyətlə görüşüb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, görüş zamanı M. Möttəki yerli ictimaiyyət nümayəndələrinin İran Konstitusiyasının 15 və 19-cu maddələri, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb…

İranın sabiq xarici işlər naziri, prezidentliyinə namizəd Mənuçöhr Möttəki ölkənin Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerli ictimaiyyətlə görüşüb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, görüş zamanı M. Möttəki yerli ictimaiyyət nümayəndələrinin İran Konstitusiyasının 15 və 19-cu maddələri, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb.

 

Prezidentliyinə namizəd bildirib ki, İran çoxmillətli bir ölkədir: “Hər millətin də özünəməxsus bir dili və özünəməxsus mədəniyyəti var. Təəssüflər olsun ki, İran Konstitusiyasının 15-ci maddəsi ilə bağlı heç bir iş görülməyib və bu millətlər indiyədək ciddi qəbul edilməyib”.

 

M. Möttəki İran Konstitusiyasının 19-cu maddəsi ilə bağlı ona ünvanlanmış sualı isə belə cavablandırıb: “Azərbaycan bölgəsi həm ictimai, həm də iqtisadi cəhətdən daha çox ayrı-seçkiliyə məruz qalıb. Ancaq bundan sonra bu məsələyə daha artıq diqqət yetirmək lazımdır”.

 

İran prezidentliyinə namizəd Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib: “Biz hər cür təcavüzə qarşıyıq. Azərbaycan xalqı gərək özü bu münaqişəni həll etsin. Qarabağ müharibəsi zamanı İrana pənah gətirən azərbaycanlılar üçün Ərdəbil şəhərində düşərgələr qurulmuşdu. Biz Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsini pisləyirik. Bu işğal nəticəsində 12 mindən çox azərbaycanlı şəhid olub, 1 milyondan insan yurd-yuvalarından didərgin düşüb. İran BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini pisləyən qətnamələrinə qoşulub”.

 

Qeyd edək ki, M. Möttəki 5 mühafizəkar prezidentliyə namizədin yaratdığı “Beşlik” seçki koalisiyasının üzvüdür. Koalisiyaya İran prezidentliyinə namizədlər – İranın hazırkı vitse-spikerləri Məhəmmədrza Bahünər və Məhəmmədhəsən Əbuturabifərd, Tehran Ticarət Palatasının sədri Yəhya Əli İshaq və sabiq daxili işlər naziri Mustafa Purməhəmmədi daxildir. Koalisiya bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində iştirak edəcək. /APA/