Səməd Seyidov: Avropa Şurası qaçqın və məcburi köçkünlərin məsələsinə diqqətlə yanaşmalıdır

Səməd Seyidov: Avropa Şurası qaçqın və məcburi köçkünlərin məsələsinə diqqətlə yanaşmalıdır

"Avropa Şurası qaçqın və məcburi köçkünlərin məsələsinə diqqətlə yanaşmalıdır". Trend-in məlumatına əsasən, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyasının birinci iş günündə qurumun Bürosunun fəaliyyət hesabatı ətrafında aparılan müzakirələrdə çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Səmədov qeyd edib: "Mən qaçqınların məsələsinə toxundum. Çünki Azərbaycan bu məsələdə əziyyət çəkir. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycan təkbaşına bu məsələyə çıxış yolu tapır. Bu insanlar hələ də Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunmasını gözləyirlər. Düşünürəm ki, Avropa Şurası obyektiv məlumatlarla maraqlanmalıdır".

O bildirib ki, bu gün Ermənistan AŞ PA tərəfindən təyin olunan bir yox, iki məruzəçinin ölkəyə girişinə icazə vermir - AŞ PA-nın “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviç və "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıq hallarının artması" adlı hesabatın hazırlanmasına dair məruzəçi Robert Valter:

"Bu məsələyə dair AŞ PA-nın Siyasi məsələlər komitəsində Ermənistan tərəfinin "AŞ PA-nın Dağlıq Qarabağ üzrə məruzəçilər məsələsi üzərində fikirləşəcək və bunu nəzərdən keçirəcəklər" kimi fikirlərini eşitdik. Bu nə deməkdir? Ermənistanın işğalı nəticəsində azərbaycanlılar qəsdən sudan məhrum edilirlər. Onların suya çıxışı yoxdur. Gəlin Ermənistanın da çıxışının qarşısını alaq. Bu gün ikinci məruzəçi də işğal olunmuş ərazilərə girə bilmir. Əgər biz harada olmasından asılı olmayaraq, qaçqın və məcburi köçkünlərin iztirablarını yüngülləşdirmək istəyiriksə, bizə birbaşa aidiyyəti olan məsələlərə diqqələ yanaşmalıyıq. Biz məruzəçilərə vəziyyətə dair obyektiv məlumatlar əldə etmək üçün işğal olunmuş ərazilərə getməsinə kömək etməliyik".

 

/Trend/