Tahir Rzayev: Slovakiyanın müsəlman qaçqınları qəbul etməməsi təəssüf hissi doğurur

Tahir Rzayev: Slovakiyanın müsəlman qaçqınları qəbul etməməsi təəssüf hissi doğurur“Slovakiyanın Avropa İttifaqının yerləşdirmə proqramı çərçivəsində Suriyadan yalnız xristian qaçqınları qəbul edə biləcəyi barədə bəyanatı məndə çox böyük təəssüf hissi yaratdı”. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, bu davranış heç bir beynəlxalq normaya və konvensiyaya uyğun gəlmir: “Müsəlman qaçqınlarını ölkəyə buraxmamaq, yalnız xristianlara şərait yaratmaq bu ölkənin açıq şəkilə müsəlmanlara qarşı ayrı-seçkilik aparmasını göstərir”.

T.Rzayev bildirib ki, beynəlxalq normalar var və Slovakia da bu normaların ziddinə gedərək bu cür hərəkət etməməlidirlər: “Əgər Slovakianın imkanları yoxdursa, bunu beynəlxalq aləmə açıq şəkildə deməlidi. Yoxsa ki, ancaq xristianları qəbul edib, müsəlmanlardan imtina etmək Aİ üzvü olan bir ölkəyə yaraşmayan hərəkətdir və müsəlmanlara qarşı ayrı-seçkilikdir”.

T.Rzayev əlavə edib ki, beynəlxalq normalar var, konvensiyalar var ki, Slovakia da onlara qoşulub və lazım olduğu halda qaçqınları qəbul etməlidirlər:

“Ancaq bu ölkənin tutduğu mövqe düzgün mövqe deyil. Çünki bu insanlar qaçqın vəziyyətinə düşməyə məcburdurlar. Əgər onların ölkələrində müharibə gedirsə, qarşıdurmalar, münaqişələr varsa, insanların qaçqın vəziyyətinə düşməsi təbii bir prosesdir. Əgər onların ölkələrində lazımi şərait olsaydı, onlar qaçqın düşməzdilər. Çox təəssüf edirəm ki, hər gün nə qədər qaçqın başqa Avropa ölkələrinə getmək istəyərkən dənizdə, gəmilərdə məhv olur. İnsan hüquqlarından danışan beynəlxalq təşkilatlar bu məsələyə diqqət yetirməli və ölkələrin müsəlnamlara qarşı ayrı-seçkilik etməsinə imkan verməməlidir.

 

/Trend/