Fevralın 6-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İspaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür…
Fevralın 6-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İspaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Z.Əsgərov son illər Azərbaycan ilə İspaniya arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan İspaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir.
Ölkələrimiz daim beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir.
Z.Əsgərov Azərbaycan-İspaniya əməkdaşlığının təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunda da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Həmçinin əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün lazım olan hüquqi bazanın yaradılmasının vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, indiyədək iki ölkə arasında üç sənəd imzalanmışdır. Hazırda isə ona yaxın sənəd üzərində iş gedir.
Z.Əsgərov, həmçinin ispaniyalı deputatlara Azərbaycanın qısa müddətdə keçdiyi inkişaf yolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymur.
İspaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Xose Maria Çikiyo qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində önəmli olduğunu bildirmişdir. O, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə və ədalətli şəkildə həll olunacağına ümid etdiyini diqqətə çatdırmışdır.
Xose Maria Çikiyo dostluq qrupunun üzvlərindən bəzilərinin Azərbaycanda keçirilmiş 2010-cu il parlament və 2013-cü il prezident seçkilərində müşahidəçi qismində iştirak etdiklərini demişdir. Bildirilmişdir ki, onlar həmin seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini və səsvermə prosesində heç bir qanun pozuntusuna rast gəlinmədiyini bəyan etmişlər. Bütün bunlar Azərbaycanda demokratiyanın inkişaf etdiyini göstərir.
2012-ci ilin noyabrında Azərbaycandan bir qrup nümayəndə heyətinin İspaniyaya səfər etdiyini xatırladan qonaq vurğulamışdır ki, həmin səfər çərçivəsində keçirilmiş görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTac.az