Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov və Xanhüseyn Kazımlı fevralın 18-19-da Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edəcəklər…
Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov və Xanhüseyn Kazımlı fevralın 18-19-da Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, sədrliyin Sudandan İrana keçməsi və digər məsələlər daxil edilmişdir.
Tədbir çərçivəsində qurumun İcraiyyə komitəsinin iclası, siyasi və xarici məsələlər, iqtisadi məsələlər, qadın, ailə məsələləri və insan haqları, sivilizasiyalararası və dinlərarası dialoq üzrə komitələrinin toplantıları, habelə müsəlman qadın parlamentarilərin konfransı keçiriləcəkdir.
İclaslarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi, üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi, təbii fəlakətlər nəticəsində yaranmış iqtisadi gərginliyin aradan qaldırılması, Avropada müsəlman miqrant ailələrin sığınacaq problemləri, İslam dünyasında uşaqların və gənclərin müdafiəsi, qeyri-müsəlman dövlətlərdə İslam mədəni irsinin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılacaqdır.
Deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərlə bağlı fikirlərini bildirəcəklər.
AzərTac.az