Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib..
Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatı dinləniləcək.
Millət vəkilləri plenar iclasda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə “də, “Torpaq bazarı haqqında ” qanunda, İnzibati Xətalar Məcəlləsində, “Prokurorluq haqqında ” qanunda, eləcə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında ” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edəcəklər.
Bundan əlavə, “Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında ” sazişin, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ” sazişin, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunverciyilinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında ” 2004-cü il 5 noyabr tarixli sazişə əlavə və dəyişikliklər edilməsi barədə ” protokolun, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında ” sazişin təsdiq edilməsi barədə və Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Saziş “ə qoşulması haqqında qanun layihələrinə baxılacaq.
/trend/